03-02-2016 | 04:02 723
Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına və əhalinin yaşayış durumuna mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə anti-böhran tədbirləri həyata keçirilir, görülən işlər barədə ictimaiyyət daim məlumatlandırılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov fevralın 3-də Şabran rayonu Mədəniyyət Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin üzvü Tahir Süleymanov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin hərtərəfli dinamik tərəqqisini, regionlarda, o cümlədən Şabran rayonunda geniş quruculuq-abadlıq işlərinin, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyini qeyd edib, xalqımızın rifahı naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayıb.
Bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına müəyyən təsir etsə də, ölkə Prezidentinin qəti siyasi iradəsi ilə inkişafa mane olan amillərin aradan qaldırılması, yeni qlobal çağırışlara uyğun həyata keçirdiyi iqtisadi islahatlar və anti-böhran tədbirləri öz müsbət nəticələrini verir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, maaş, pensiya və müavinətlərin artırılması, süni qiymət artımının qarşısının alınması və bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, sahibkarlığın inkişafına dair əlavə tədbirlərin görülməsi və digər atılan məqsədyönlü addımlar respublikamızın sosial-iqtisadi inkişafına xidmət edir.
Görüşdə həmçinin, korrupsiya hallarının aradan qaldırılması üzrə dövlət başçısının qəti iradəsi ilə həyata keçirilən tədbirlərə toxunulub, ölkəmizdə müstəqil məhkəmə hakimiyyəti bərqərar edilməklə hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunduğu bildirilib, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların məmnunluğunun yüksəldilməsinin əsas vəzifə olduğu vurğulanıb.
Rayon İcra hakimiyyətinin başçısı N.Novruzov ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı işlər, habelə insanların rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən ictimaiyyət nümayəndələri dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq dövlət başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərini və digər qətiyyətli addımlarını yüksək dəyərləndirdiklərini vurğulayıb, ölkəmizdəki ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan razılığını bildiriblər.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.