Azərbaycan - Vyetnam: əməkdaşlıq genişlənir

Son illər Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin inkişafı çərçivəsində hüquqi əlaqələrin genişləndirilməsi məqsədilə Vyetnamın ədliyyə nazirinin dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 7-dən 10-dək Vyetnamda səfərdə olub.

Səfər zamanı nümayəndə heyəti tərəfindən Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin mavzoleyini ziyarət edilib, onun xatirəsi yad edilərək mavzoleyin önünə əklil qoyulub.

Ədliyyə nazirləri arasında keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən F.Məmmədov ulu öndər Heydər Əliyevin bu ölkəyə, Vyetnam xalqının böyük oğlu Ho Şi Minin respublikamıza tarixi səfərlərini xatırladıb, son iki ildə dövlət başçılarımızın qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, müxtəlif sahələr üzrə mühüm sənədlərin imzalandığını qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı hüquqi islahatlar barədə məlumat verərək, qarşılıqlı fəaliyyət üçün geniş perspektivlərin olduğunu bildirib.

Respublikamızla hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Vyetnamın ədliyyə naziri Ha Hunq Kuonq Azərbaycanın ölkəsinin müstəqilliyi uğrunda mübarizəsi zamanı dəstəyini və Vyetnam üçün yüksək ixtisaslı milli kadrların hazırlanmasında yardımını vurğulayıb. Vyetnamlı nazir ölkəmizin hərtərəfli dinamik tərəqqisi, məhkəmə-hüquq sisteminin inkişafı barədə məlumatlı olduğunu bildirib, Azərbaycanın bu sahədə nailiyyətlərinə böyük maraq göstərərək, müsbət təcrübəmizin Vyetnamda aparılan hüquqi islahatlar zamanı nəzərə alınacağını qeyd edib.

Danışıqlardan sonra iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Saziş çərçivəsində ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, nümayəndə heyətlərinin mübadiləsi, ədliyyə işçilərinin təlimi, hüquqi tədqiqat və tədris, habelə qarşılıqlı maraq kəsb edən digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Hər iki tərəf bu mühüm sənədin uğurla icra olunacağına və qarşılıqlı fəaliyyətə dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib. Vyetnamlı nazir Sazişin önəmini qeyd edərək onun Azərbaycan təcrübəsini öyrənməyə geniş imkan yaradacağını bildirib.

Səfər zamanı Vyetnam Baş nazirinin müavini Nquen Suan Fuk ilə görüş keçirilib. Azərbaycan-Vyetnam münasibətlərinin dinamik inkişaf etdiyini söyləyən Baş nazirin müavini dövlətlərimizin müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Nquen Suan Fuk, həmçinin, hüquqi islahatların aparılmasının əhəmiyyətindən və bu sahədə Ədliyyə nazirliklərinin rolundan danışıb, Azərbaycanın Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətləri barədə məlumatlı olduğunu bildirərək, təcrübəmizin Vyetnam üçün faydalı olmasını söyləyib.

Görüşdə əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafında iki ölkənin ədliyyə nazirləri müavinlərinin təmsil olunduğu hökumətlərarası komissiyanın əhəmiyyəti qeyd edilib, habelə Azərbaycanın malik olduğu mühüm geosiyasi mövqeyi, əlverişli tranzit ölkəyə çevrildiyi vurğulanıb.

F.Məmmədov, həmçinin, Vyetnam Sosialist Respublikası Parlamentinin sədr müavini Uonq Çu Lu ilə görüşüb. Görüşdə Vyetnam və Azərbaycan arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanda təhsil almış Uonq Çu Lu 2013-cü ildə Bakıya səmərəli səfərini xatırladaraq ölkəmizin hərtərəfli tərəqqisindən heyran qaldığını vurğulayıb, Vyetnamın qanunvericiliyinin təkmilləşdirilməsi barədə məlumat verərək, islahatlar zamanı Azərbaycanın təcrübəsinin nəzərə alındığını qeyd edib. O, parlamentlərarası əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.

Görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və s. maraq doğuran məsələlər müzakirə olunub.

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Ba ilə görüş keçirilib. Xanım Le Thi Thu Ba təmsil etdiyi komissiyanın sədri olan Vyetnam Prezidenti Çıonq Tan Şanqın tapşırığına əsasən, ötən ilin iyulunda Azərbaycana məhsuldar səfərini və keçirilmiş faydalı görüşləri məmnunluqla xatırladıb, müsbət təcrübəmizlə, o cümlədən məhkəmə sistemindəki islahatlarla tanışlığının ölkəsi üçün faydalı olduğunu vurğulayaraq, Vyetnamda bu sahədə aparılan islahatlarda Azərbaycanın nailiyyətlərindən artıq bəhrələnildiyini qeyd edib, korrupsiya ilə mübarizədə milli brendimiz olan "ASAN xidmət" modelinin pilot qaydada tətbiqi üzrə işlərdən bəhs edib.

Səmimi qonaqpərvərliyə və ölkəmiz haqqında xoş sözlərinə görə minnətdarlığını ifadə edən F.Məmmədov Ədliyyə nazirlikləri arasında Sazişin imzalanmasının hüquqi əlaqələrin genişləndirilməsinə böyük təkan verəcəyini qeyd edib.

Səfər çərçivəsində Vyetnamın Ali Xalq Məhkəməsinin sədri Nquen Xoa Bin və Ali Xalq Prokuroru Çıonq Xoa Bin ilə görüşlər keçirilib. Görüşlərdə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, elektron xidmətlərin göstərilməsi, hakimlərin ən şəffaf seçimi və tədrisi müzakirə edilib, Azərbaycanda dövlət başçısının siyasi iradəsi ilə korrupsiyaya qarşı qəti mübarizə aparıldığı, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı diqqətə çatdırılıb, bu sahədə beynəlxalq əməkdaşlığın, o cümlədən ölkəmizin rəhbərliyində təmsil olunduğu Beynəlxalq Prokurorlar Assosiasiyası və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri qeyd olunub, habelə ikitərəfli əməkdaşlığın inkişafına böyük maraq göstərilib.

Səfər zamanı Vyetnamın Parlamentində, Ədliyyə Nazirliyində və digər dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan və vaxtilə Azərbaycanda təhsil almış vyetnamlılarla səmimi görüş keçirilib, iki ölkə arasında əlaqələrin gücləndirilməsinə dair faydalı danışıqlar aparılıb.

Dostluq şəraitində keçirilən bütün görüşlərdə Azərbaycanın Vyetnamdakı səfirliyinin səmərəli fəaliyyətindən məmnunluq ifadə olunaraq, qarşılıqlı fəaliyyətin genişlənməsi üçün Vyetnamın da ölkəmizdə səfirliyinin açılmasının vacibliyi qeyd olunub. Bununla yanaşı, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalına və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.

Görüşlərdə nümayəndə heyətimiz tərəfindən Vyetnam tərəfinə müasir məhkəmə-hüquq sisteminin fəaliyyətinə, habelə korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair broşürlər təqdim edilib.

Tədbirlərdə ölkəmizin Vyetnamdakı səfiri Anar İmanov iştirak edib.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez