16-03-2016 | 04:02 1508
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 16-da ədliyyə naziri Fikrət Məmmədov Neftçala rayonu Heydər Əliyev Mərkəzində Neftçala, Salyan və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbula yazılış qabaqcadan başlanılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanından yararlanıblar.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək ölkə Prezidentinin korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələblərini diqqətə çatdırıb, aidiyyəti tövsiyə və tapşırıqlarını verib.