02-05-2016 | 04:02 800
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Kollegiya iclasında ölkə Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planından irəli gələn vəzifələr təxirəsalınmadan müzakirə olunaraq bu mühüm sənədin ədliyyə orqanlarında icrasının təşkili ilə bağlı konkret tapşırıqlar verilib.
Qeyd olunub ki, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verilərək dövlət idarəçiliyində şəffaflığın təmin olunması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, ictimai iştirakçılığın genişləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi üzrə genişmiqyaslı və davamlı tədbirlər həyata keçirilir.
Dövlət başçısının bu sahədə tapşırıqlarının icrası ədliyyə orqanları tərəfindən daim diqqətdə saxlanılaraq Açıq hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün milli fəaliyyət planlarının icrası üzrə xeyli işlər görülüb.
Bildirilib ki, ədliyyə və məhkəmə sahəsində şəffaflığın artırılmasına xüsusi önəm verilərək ötən dövrdə nazirliyin 10 internet saytının interaktiv rejimdə fəaliyyəti təmin olunub, əhaliyə göstərilən elektron xidmətlərin sayı artırılaraq 23-ə çatdırılıb, ölkə başçısının elektron məhkəmənin yaradılması ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər, o cümlədən yaradılmış məhkəmələrin vahid internet portalı vətəndaşların bu orqanlara əlçatanlığını asanlaşdırıb. Həmçinin, Ədliyyə Akademiyasının Elektron Kitabxanasının resurslarının zənginləşdirilməsi, o cümlədən Almaniyanın Springer nəşriyyatından çoxsaylı elektron kitab və jurnallara çıxış əldə etməsi oxucu auditoriyası və istifadəçilər üçün geniş imkanlar yaradıb.
Eyni zamanda, ictimai iştirakçılıq geniş tətbiq olunaraq vətəndaş cəmiyyəti institutları, o cümlədən ədliyyə naziri yanında İctimai Komitə ilə qarşılıqlı fəaliyyət gücləndirilib.
Bununla yanaşı, çoxsaylı normativ hüquqi aktların layihələri, ölkə üzrə 375 elektron xidmətin inzibati reqlamentləri, həmçinin korrupsiyaya qarşı mübarizə baxımından məcburi hüquqi ekspertizadan keçirilib, nazirlik tərəfindən aparılan hüquqi aktların reyestrləri vasitəsilə ölkə qanunvericiliyinin açıqlığı və vətəndaşların məlumatlılığının artırılması təmin olunub. Həmçinin, sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması məqsədilə yoxlamaların vahid məlumat reyestri təkmilləşdirilib, antikorrupsiya sahəsində çoxsaylı treninqlər və digər maarifləndirici tədbirlər keçirilib.
Kollegiyada qeyd olunub ki, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması məqsədilə qəbul olunmuş açıq hökumətin təşviqinə dair yeni fəaliyyət planı müstəsna əhəmiyyət kəsb edir. Onun ayrı-ayrı müddəaları, o cümlədən elektron xidmətlərin, habelə normativ hüququ aktların vahid internet elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyəti, habelə korrupsiyanın qarşısının alınması sahəsində qanunvericiliyin müasirləşdirilməsi, maarifləndirmə tədbirlərinin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. diqqətə çatdırılıb, bu mühüm sənədin ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi və mütəşəkkil icrasının təmin olunmasına dair müvafiq tapşırıqlar verilib.
İclasda həmçinin, beynəlxalq əlaqələrin dərinləşdirilməsi üzrə tədbirlərə baxılıb və ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi aktların layihələri müzakirə olunaraq qəbul edilib.
Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.