BMT-də İrqi ayrı-seçkiliyin ləğv edilməsinə dair Konvensiyanın icrası üzrə ölkəmizin dövri məruzəsi dinlənilib

Birləşmiş Millətlər Təşkilatınin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Cenevrədə keçirilmiş 89-cu sessiyası çərçivəsində mayın 3-4-də Azərbaycan Respublikası Hökumətinin BMT-nin eyniadlı Konvensiyasına dair yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini Toğrul Musayevin də iştirak etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada ölkəmizin dövri hesabatı təqdim olunub, konstruktiv və səmimi dialoq şəraitində aparılan müzakirələrdə nümayəndə heyəti tərəfindən bilavasitə Konstitusiyamızda irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi vurğulanıb, irqi ayrı-seçkiliyin qarşısının alınması, millətlərarası münasibətlərin və dini tolerantlığın daha da inkişafı istiqamətində respublikamızda aparılan səmərəli işlər barədə geniş məlumat verilib, dövlət başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili" elan olunması, habelə mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun bu ərəfədə məhz Bakı şəhərində keçirilməsi Komitə üzvlərinin diqqətinə çatdırılıb.

İnteraktiv dialoq zamanı Komitə üzvlərinin çoxsaylı suallarını ətraflı cavablandıran nazir müavini T.Musayev hazırkı dövri məruzənin ölkəmizin Konvensiyaya qoşulmasının 20 illiyinə təsadüf etdiyini və bununla bağlı dövlət orqanları tərəfindən müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib, insan hüquqlarının etibarlı təminatı və Konvensiyanın milli qanunvericilikdə implementasiyası məqsədilə Azərbaycanda irqi ayrı-seçkiliyi qadağan edən mükəmməl hüquqi bazanın formalaşdırılmasından danışıb. Həmçinin, qanunvericilik aktlarının ayrı-ayrı müddəalarını, xüsusilə milli azlıqların məhkəmələrə müraciət imkanları, onların prosessual hüquqlarının, o cümlədən öz dillərindən istifadə hüquqlarının təmin edilməsi məsələlərini şərh edib, millətlərarası zəmində cinayətlərin ölkəmiz üçün xarakterik olmadığını bildirib.

Eyni zamanda son illər respublikamızda aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından, o cümlədən əhalinin ədliyyə və məhkəmə orqanlarına əlçatanlığının yaxşılaşdırılması, elektron məhkəmənin tətbiqi və müasir infrastrukturun yaradılması üzrə həyata keçirilən kompleks tədbirlərdən bəhs edilib, habelə ölkə Prezidentinin bu yaxınlarda imzaladığı əfv sərəncamının cəmiyyətimizin müxtəlif təbəqələrini əhatə etdiyi qeyd olunub.

Tədbirdə ictimai iştirakçılığın genişləndirilməsi, açıq hökumətin təşviqi və şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin gücləndirilməsi üzrə görülən işlər barədə də nazir müavini dolğun şəkildə məlumat verib.

Sessiya çərçivəsində suallar cavablandırılarkən nümayəndə heyəti tərəfindən tədbir iştirakçılarının diqqəti Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub, xüsusilə son zamanlar işğalçı Ermənistan tərəfinin təmas xəttində yerləşən ərazilərimizi intensiv olaraq atəşə tutması və beynəlxalq humanitar hüququ kobud şəkildə pozması nəticəsində azərbaycanlı mülki şəxslərin həlak olması və yaralanması, habelə müxtəlif mülki və sosial obyektlərə ciddi zərər vurulması qeyd edilib.

Səmərəli və işgüzar şəraitdə keçirilən müzakirələr zamanı Konvensiyanın praktiki tətbiqi ilə əlaqədar faydalı fikir mübadiləsi aparılıb, təqdim edilən məlumatlara böyük maraq göstərən BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin sədri xanım A.Krikli, ölkəmiz üzrə məruzəçi N.Əmir və digər Komitə üzvləri ölkəmizin sessiyada yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını dövlətimizin beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə ciddi münasibətinin təzahürü kimi qiymətləndirib, Azərbaycan Hökumətinin Konvensiyanın icrası üzrə gördüyü ardıcıl və məqsədyönlü işləri, multikulturalizmin inkişafı istiqamətində atılan addımları təqdir edib, təklif və tövsiyələrini bildiriblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez