26-05-2016 | 04:02 1059
Mayın 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında dövlət başçılarının müntəzəm, o cümlədən son zamanlar qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, Türkiyədə yeni hökumətin formalaşması münasibətilə təbrik edib. Həmçinin, zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin daha da genişləndiyini, ədliyyə və məhkəmə orqanları arasında səmərəli qarşılıqlı fəaliyyəti vurğulayıb.
Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən qonaq ölkəmizdə növbəti dəfə səfərdə olmağından məmnunluğunu bildirərək, respublikamızın hərtərəfli tərəqqisinin və əldə olunan yüksək nailiyyətlərin şahidi olduğunu vurğulayıb, 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırıb.
Qonaqlara ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verilib, hakimlərin tədrisinə toxunularaq qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin Türkiyədə təmənnasız nəzəri və praktiki təlimlər keçdiyi təqdir olunub.
Görüş zamanı hüquqi əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd olunaraq faydalı təcrübə və fikir mübadiləsi aparılıb.
Qonaqlar həmçinin nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.