03-07-2009 | 04:02 1011
İyulun 3-də respublikamızın ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov ilə görüşmüşdür.
Qeyd olunmalıdır ki, ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətə xüsusi önəm verərək, 1995-ci ildən Komitə ilə səmərəli əməkdaşlıq həyata keçirir. BQXK ilə birgə 14 il ərzində penitensiar müəssisələrdə saxlanılan 9600 vərəmli məhkum xüsusi DOTS strategiyası üzrə müalicə edilmişdir. Respublikamızda ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan "multirezistent" xəstə məhkumların DOTS-plus müalicəsinə başlanılmışdır. Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə yaxşı nəticələr əldə olunmuş, vərəmdən ölüm halları 17 dəfə azalmış, bu xəstəliyə düçar olmuş məhkumlar üçün xüsusi yaradılmış İxtisaslaşdırılmış müalicə müəssisəsində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya və yeni müalicə korpusları istifadəyə verilmişdir.
Bununla yanaşı, ölkəmizdə insan haqlarının təşviqinə, o cümlədən məhkumların hüquqlarının, penitensiar sistemdə şəffaflığın və aşkarlığın təmin olunmasına xüsusi diqqət yetirilərək, 2000-ci ildə Azərbaycan Respublikası Hökuməti və BQXK arasında bağlanmış Sazişə əsasən Komitə nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirirlər. Artıq 320-dən çox başçəkmə həyata keçirilmiş, nəticələr üzrə Ədliyyə Nazirliyinə hesabatlar verilmişdir. Bununla əlaqədar məhkumların hüquqlarının təmin edilməsinə yönələn tədbirlər həyata keçirilmişdir.
BQXK ilə qarşılıqlı fəaliyyət çərçivəsində görülən işlərin müsbət nəticələrini qeyd edən nazir ölkəmizdə məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı qorunması, onların saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasına yönələn islahatlar barədə məlumat vermiş, penitensiar sistemdə ictimai nəzarətin və şəffaflığın təmin olunması üzrə həyata keçirilən tədbirləri qeyd etmişdir.
Komitə ilə Ədliyyə Nazirliyi arasında əməkdaşlığı çox yüksək qiymətləndirən qonaq penitensiar sistemdə şəffaflıq və açıqlıqdan heyran qaldığını söyləmiş, qarşıda duran məqsədlərə konstruktiv yanaşma nəticəsində nail olunmasını qeyd etmiş, uğurlu qarşılıqlı fəaliyyətin bunda sonra da davam etdirilməsində niyyətini bildirmişdir.
Söhbət zamanı penitensiar infrastrukturunun müasirləşdirilməsi, yeni cəzaçəkmə müəssisələrinin inşası üzrə işlər vurğulanmış, bu sahədə əldə olunmuş nailiyyətlər təqdir edilmiş, ən qabaqcıl beynəlxalq standartlara uyğun tikilmiş Bakı istintaq təcridxanasında məhkumlar üçün yüksək şəraitin yaradılmasından məmnunluq ifadə olunmuşdur.