15-06-2016 | 04:02 966
Ölkəmizdə müstəqil məhkəmə sisteminin formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi xeyli təkmilləşib, yeni məhkəmələr yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir, onların tədrisi ən qabaqcıl metodikalarla aparılır.
Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə məhkəmələrin yüksək statusuna uyğun müasir infrastruktur yaradılır, elektron məhkəmənin tətbiqi üzrə ardıcıl işlər görülür.
Bu sahədə Dünya Bankı ilə birgə uğurlu layihələr həyata keçirilərək 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib. Dövlət başçısının ötən il ölkəmizdə konseptual baxımdan yeni olan Bakı şəhəri Sabunçu və Şəki Məhkəmə komplekslərinin açılışını etməsi xüsusilə əlamətdar olub. Açılış zamanı ölkə Prezidenti ədliyyə və məhkəmə işçiləri ilə müşavirə keçirərək məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib, bununla əlaqədar Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən konkret tədbirlər müəyyən olunaraq həyata keçirilir.
Layihə çərçivəsində, habelə dövlət büdcəsi hesabına paytaxtda və bölgələrdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
İyunun 14-də, Milli Qurtuluş Günü ərəfəsində Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Masallı Rayon Məhkəməsi üçün müasir inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, habelə hakimlər, məsul ədliyyə işçiləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Ümumi sahəsi 1 hektara yaxın olan ərazidə inşa olunacaq 3 qatdan ibarət olan məhkəmə binası ictimai və inzibati zonalara bölünməklə qabaqcıl texnologiya və avadanlıqlarla, o cümlədən elektron sistemlərlə təchiz olunacaq və digər zəruri infrastruktur quraşdırılacaqdır.
Tədbir iştirakçıları Masallı Rayon Məhkəməsinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, binanın təməli qoyulub.
Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra xalqımız və dövlətimiz qarşısındakı şərəfli xilaskarlıq missiyasından, ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində müstəsna xidmətlərindən bəhs edib, Milli Qurtuluş günü münasibətilə təbriklərini söyləyib.
Nazir Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb, dahi rəhbərin humanizm siyasətinin uğurla həyata keçirilərək ötən ay Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş dördüncü amnistiyanın, habelə iqtisadi sahədə cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyətindən və əhəmiyyətindən danışaraq qarşıda mühüm vəzifələrin dayandığını söyləyib.
Eyni zamanda, dünyada aktual olan ədalət mühakiməsinin effektivliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması istiqamətində ölkəmizdə genişmiqyaslı islahatların aparıldığı, bu sahədə qanunvericiliyin təkmilləşdirildiyi, hakimlərin və məhkəmə aparatı işçilərinin sayının artırıldığı, hakimliyə namizədlərin seçiminin Avropada örnək kimi dəyərləndirildiyi bildirilib, Dünya Bankı ilə birgə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihələrin real müsbət nəticələri qeyd olunub.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq yeni tikilən məhkəmələrdə, o cümlədən Masallı Rayon Məhkəməsində qabaqcıl İKT-lərin tətbiqinə, "elektron məhkəmə" informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetirildiyi vurğulanıb.
Bildirilib ki, rayon məhkəməsi üçün yeni binanın inşası qanunun aliliyinə, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsinə, vətəndaşlara qayğılı münasibət göstərilməsinə xidmət edəcək, məhkəmələrə çatımlığı asanlaşdıracaqdır.
Masallı rayon icra başçısı R.Hüseynov və digər çıxış edənlər respublikamızın hərtərəfli dinamik tərəqqisinə, xüsusilə məhkəmə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda tikinti işlərinin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlar verilib.
Səfər zamanı ədliyyə naziri Masallıda yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb, amnistiya qərarının və cinayət qanunvericiliyinə edilmiş yeni dəyişikliklərdən irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunması üzrə və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.
Elə həmin gün Ədliyyə Nazirliyində Milli Qurtuluş Günü münasibətilə yığıncaq keçirilib, ulu öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub. Həmçinin bu əlamətdar bayrama həsr olunmuş xüsusi stend hazırlanıb, kinozalda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmlər nümayiş etdirilib.
Milli Qurtuluş Günü nazirliyin bütün struktur qurumlarında geniş qeyd olunub.