16-06-2016 | 04:02 964
İyunun 16-da ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkəmizin Avropa Şurasına üzv qəbul olunduqdan sonra həyata keçirilən demokratik hüquqi islahatlardan danışıb, qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı il üzrə Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirilməsini qeyd edib.
Müzakirələr zamanı qonaqlar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə insan hüquqlarının təmin olunması istiqamətində atılan addımları, o cümlədən dövlət başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı dəyişikliklərin edilməsini, habelə məhkumların sayının azaldılmasını maraqla qarşılayıblar. Eyni zamanda, Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan olunmuş amnistiya qərarının icrasına başlanılmasından və bu humanist aktın 10 min nəfərədək şamil olunmasından məmnunluq ifadə olunub.
Həmməruzəçilər, həmçinin bütün Avropada aktual olan ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumatlandırılıb. Qonaqlar məhkəmə-hüquq sistemindəki islahatları təqdir edib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edərək əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi və digər mövzular üzrə faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç və ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak ediblər.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.