08-07-2009 | 04:02 953
İyulun 8-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və "Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya Königsmann ilə görüşmüşdür.
Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını bildirən nazir GTZ-nin 10 ildən artıqdır ki, ölkəmizlə səmərəli əməkdaşlıq etdiyini, bir sıra mühüm layihələrin həyata keçirildiyini, alman mütəxəssislərinin milli qanunvericiliyin təkmilləşdirilməsində fəal iştirakını, təkcə son 3 ildə 400-ə yaxın hakim, hakimliyə namizədlər və ədliyyə işçilərinin 20-dən çox birgə tədris tədbirlərinə cəlb olunduğunu, həmçinin hüquqşünas kadrların müasir hüquq ədəbiyyatı ilə təmin edilməsi üzrə işləri qeyd etmişdir. Həmçinin, nazir ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi qaydalarla seçimi, habelə Ədliyyə Akademiyası ilə bağlı ətraflı məlumat vermişdir.
GTZ ilə Azərbaycan arasında hüquqi sahədə əməkdaşlığın çox yüksək səviyyədə olduğunu vurğulayan qonaqlar ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları nəticəsində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş, Ədliyyə Nazirliyi ilə uğurlu əməkdaşlıq üçün yaxşı şəraitin yaradılmasına görə minnətdarlığını bildirmiş, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi üçün səylərini daha da artıracaqlarını söyləmişlər.
Görüşdə ötən ay GTZ-nin təşkilatçılığı ilə hüquqi dövlətçiliyin inkişafına dair Berlində keçirilmiş yüksək səviyyəli konfransda ölkəmizin yüksək səviyyədə təmsil olunaraq fəal iştirakı, iki dövlətin Ədliyyə nazirlikləri arasında imzalanmış Birgə Bəyanatın əhəmiyyəti vurğulanmış, məhkəmələrin və penitensiar müəssisənin fəaliyyəti ilə tanış olunaraq faydalı təcrübə mübadiləsi xatırladılmış, habelə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən inzibati məhkəmələrin təşkili, hakimlər və hakimliyə namizədlərlə müxtəlif tədris tədbirlərin keçirilməsi üzrə məsələlər geniş müzakirə olunmuşdur.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.