IMAGE

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Avqustun 25-də Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib.

İclasda ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunması vurğulanıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətlər qeyd olunub.

Ölkə başçısının ədliyyə və məhkəmə sisteminə göstərdiyi daim yüksək diqqət və qayğısı vurğulanaraq tədbirdə bu il Dövlət qulluqçularının peşə bayramı ərəfəsində ölkə Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş bir qrup məhkəmə işçisinə ədliyyə naziri Fikrət Məmmədov tərəfindən həmin medallar təntənəli təqdim edilib.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, məhkəmə və ədliyyə sisteminin tərəqqisi naminə bundan sonra da layiqincə fəaliyyət göstərəcəklərini bildiriblər.

Kollegiyada Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında ölkə Prezidentinin Sərəncamı ilə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası üzrə məlumatlar dinlənilib, referenduma hazırlıqla əlaqədar aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada 2016-cı ilin birinci yarımilində ədliyyə orqanları tərəfindən görülmüş işlərin müzakirələrinin nəticələri təhlil edilib, ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlərdən bəhs olunub.

Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib, o cümlədən qanunvericilik sahəsində işin yaxşılaşdırılması, elektron icra xidmətinin yaradılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, ədliyyə orqanlarına ictimai etimadın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilərək müvafiq tapşırıqlar verilib.

İclasda qeyd olunub ki, nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində ötən illərlə müqayisədə icra işlərinin sayının kəskin artması ilə əlaqədar müvafiq qanunvericilik yenilənib, icra xidmətinin strukturu, maddi-texniki bazası təkmilləşdirilib, İcra baş idarəsinin rəhbərliyi möhkəmləndirilib. Həmçinin sənədlərin vaxtında və dürüst icrası, yerli icra qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi məqsədilə təsirli tədbirlər görülüb, o cümlədən "İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb.

Kollegiyada Ədliyyə Akademiyasının Elmi Şurasının tövsiyəsi ilə nəşr olunmuş həmin kitabın təqdimatı keçirilib. "İcra haqqında" Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm töhfə olan Kommentariya hər bir icra məmurunun gündəlik fəaliyyətinə yardımçı olmaqla onların stol üstü kitabına çevriləcək, eyni zamanda gənc hüquqşünaslar üçün dəyərli əyani vəsait olacaqdır.

Bununla yanaşı, kollegiyada Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planına uyğun olaraq nazirliyin fəaliyyətində şəffaflığın təmin olunması, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə görülən tədbirlər qeyd olunub, nəzərdə tutulan bütün  25 elektron xidmətin fəaliyyətinin tam təmin edildiyi və onların ASAN xidmət tərəfindən müsbət qiymətləndirildiyi vurğulanıb. Həmçinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə hazırlanmış bəzi elektron xidmətlərin inzibati reqlamentləri təsdiq olunub.

Bununla yanaşı, iclasda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənədlərin yeni qanunvericiliyə uyğunlaşdırılması məsələlərinə baxılıb və bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez