08-07-2009 | 04:02 2528
İyulun 8-də ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri 29 may 2009-cu il tarixdə ölkə başçısının iştirakı ilə istifadəyə verilmiş Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inşa edilmiş inzibati binası və orada yaradılmış müasir şəraitlə yaxından tanış olmuşlar.
Qonaqları məmnunluqla qarşılayan Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov və Ədliyyə Nazirliyinin digər aidiyyəti struktur qurumlarının rəhbərləri ədliyyə sisteminin müasirləşdirilməsi, maddi texniki-bazanın gücləndirilməsi, bu sahədə yeni infrastrukturun yaradılması üzrə görülən işləri vurğulamış, ölkə əhalisinin dövlət reyestrinin formalaşdırılması barədə məlumat vermiş və bu işdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Dünya Bankının fəal iştirakını və dəstəyini qeyd etmişlər.
Ulu öndər Heydər Əliyevin mənalı həyatını və misilsiz xidmətlərini, həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətini əks etdirən guşə ilə tanış olduqdan sonra qonaqlar Xidmətin fəaliyyəti, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və reyestrin formalaşdırılması sahəsində görülmüş işlərə dair təqdimat filminə baxmışlar.
Beynəlxalq qurumların təmsilçiləri qabaqcıl informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş tədris zalına baxmış, notarius olmaq istəyən namizədlərlə "Notariat sənədlərinin elektron məlumat bankı"nın fəaliyyəti ilə əlaqədar keçirilən tədris prosesini izləmişlər. Həmçinin, qeyri-kommersiya hüquqi şəxslərin, vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və dövlət notariat arxivlərinin, eləcə də server avadanlığı yerləşdiyi sahələrə baxış keçirilmişdir.
BMTİP-lə birgə həyata keçirilən layihə çərçivəsində binada hər bir Azərbaycan vətəndaşı haqqında 17 milyondan çox akt qeydinin beynəlxalq standartlara uyğun saxlanılması üçün quraşdırılmış müasir arxiv avadanlığı nümayiş etdirilmiş, həmin sənədlərin elektron formata köçürülməsi üçün onların təxminən yarısının sökülüb, skaner vasitəsilə oxunaraq yenidən nəfis şəkildə tikilməsi və hər gün 19 min sənədin 120-dən artıq operator tərəfindən bazaya daxil edilməsi barədə məlumat verilmişdir.
BMT-nin İnkişaf Proqramının Rezident Əlaqələndiricisi Bruno Pueza, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak və ATƏT-in Bakı Ofisinin şöbə rəhbəri xanım Monika Martinez və digər çıxış edənlər ədliyyə orqanlarının inkişafı üzrə görülən işlərin müsbət nəticələrini vurğulayaraq, Əhalinin Dövlət Reyestri Xidməti üçün inşa olunmuş binada yaradılan müasir şəraiti yüksək qiymətləndirmişlər.
Tətbir zamanı ətraflı fikir mübadiləsi aparılmış, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdur.