19-10-2016 | 04:02 724
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 25 il ötür. Bu müddət ərzində ölkəmiz dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək misilsiz inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edib.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı xüsusi Sərəncama və müvafiq Tədbirlər Planına uyğun olaraq dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü respublikamızda yüksək səviyyədə təntənəli surətdə qeyd olunur.
Əlamətdar tarixi hadisənin ildönümü Ədliyyə Nazirliyində və onun struktur qurumlarında da geniş qeyd edilir, bununla əlaqədar nazirlik üzrə tədbirlər planı təsdiq edilərək ədliyyə orqanlarında konfranslar, dəyirmi masalar və digər silsilə tədbirlər təşkil olunub, o cümlədən bu ərəfəyə təsadüf edən ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyətinin 10 illiyinə dair konfrans keçirilib, müstəqillik illərinə və ölkəmizin müasir inkişafına həsr olunmuş foto və sənədlərdən ibarət xüsusi stend hazırlanıb.
Davam edən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib. Əvvəlcə müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub.
Tədbirdə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun bu günlərdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən Beynəlxalq İstanbul Hüquq Konqresində iştirak etmək üçün qardaş ölkədə səfərdə olduğu bildirilərək qeyd edilib ki, nazir mötəbər tədbirin açılışında çıxış zamanı müstəqilliyimizin 25 illiyinin qeyd olunduğunu xüsusilə vurğulayıb, ötən dövrdə ölkəmizdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarını və qazanılan yüksək nailiyyətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Sonra ədliyyə nazirinin müavini Azər Cəfərov məruzə ilə çıxış edərək xalqımızın zəngin dövlətçilik tarixindən və azadlıq uğrunda mübarizəsindən bəhs edib, 1991-ci ildə yenidən bərpa olunmuş dövlət müstəqilliyimizin məhz ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi və qətiyyəti ilə qorunub möhkəmləndiyini vurğulayıb və bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli dinamik tərəqqisini, bütün sahələrdə əldə olunan böyük uğurları qeyd edib.
Yığıncaqda ədliyyə işçiləri, o cümlədən gənclər və digər çıxış edənlər Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, müstəqilliyimizlə bərabər inkişaf edən müasir ədliyyə sistemimizin cəmiyyətdə əhəmiyyətli yeri və rolundan, dövlətimizin gənclərə qayğısından danışıb, Ümummilli Liderin milli dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını söyləyiblər.
Sonda dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilib.