Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib.

İclasda ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğu, bu münasibətlə keçirilmiş rəsmi qəbulda ölkə Prezidenti cənab İlham Əliyevin nitqində Azərbaycanın müstəqillik illərindəki inkişaf yolunu dolğun və ətraflı təhlil etdiyi vurğulanıb və müstəqilliyimizin qorunub möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib.

Həmçinin, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın hərtərəfli dinamik tərəqqisindən, hüquqi dövlət quruculuğu prosesində, xüsusilə ədliyyə və məhkəmə-hüquq sistemində aparılan mütərəqqi islahatlardan bəhs olunub.

Kollegiyada təməli Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinin uğurla davam etdirilməsi diqqətə çatdırılaraq bildirilib ki, ötən dövrdə Azərbaycan Prezidentinin 61 əfv aktı ilə 6.500-ə yaxın məhkum müxtəlif cəzalardan azad olunub, qəbul edilmiş 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq olunub ki, onlardan 30.000-dək məhkum ailəsinə, cəmiyyətə qovuşub.

Qeyd olunub ki, Ulu Öndərin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək Heydər Əliyev Fondunun da başlıca məramlarından biridir. Fondun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə cari il 28 May - Respublika Günü münasibətilə qəbul edilmiş sayca 4-cü amnistiya qərarı ilə 11 minə yaxın şəxs müxtəlif cəzalardan, o cümlədən 3.535 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub. 15 iyun - Milli Qurtuluş Günündə icrasına başlanılmış bu humanist aktın müəyyən edilmiş vaxtda dürüst icrası təmin edilib.

İclasda ölkə Prezidentinin "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 21 oktyabr 2016-cı il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasında, qrantların verilməsi prosedurunun asanlaşdırılmasında və bu sahədə şəffaflığın təmin olunmasında qeyd olunan Fərmanın müstəsna əhəmiyyəti vurğulanaraq bildirilib ki, gələn il yanvarın 1-dən xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılacaq və bu prosedurda qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum kimi müəyyən olunub.

Bununla əlaqədar ölkə Prezidentinin Fərmanının icrası, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı işinin dəqiq və dürüst təşkili, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin gücləndirilməsi ilə bağlı və digər konkret tədbirlər müəyyən olunub.

Məlumat verilib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına daim xüsusi önəm verilir, bu məqsədlə nazirlik tərəfindən qeyri-hökumət təşkilatları üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən səmərəli istifadə edirlər. Həmçinin, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb.

Kollegiyada həmçinin, ədliyyə orqanlarında kadr işinin, o cümlədən gənclər və könüllülər ilə fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən tədbirlər müzakirə edilib.

Qeyd olunub ki, son 10 ildə 5.500-ə yaxın hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf mütəxəssis işə qəbul edilib. Bu zaman dövlət gənclər siyasətinə müstəsna yer verilib və bunun nəticəsidir ki, hazırda ədliyyə qurumlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir.

Həmçinin, könüllülər institutunun təşviqinə xüsusi önəm verilərək gənc könüllülərin ədliyyə orqanlarına cəlb olunduğu, bu zaman Azərbaycan brendi olan və 12 milyondan artıq insanın faydalandığı, o cümlədən əməliyyatların təxminən 40 faizinin aparılmasında payı olan ədliyyənin müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət"in təcrübəsindən yararlanıldığı diqqətə çatdırılıb, ötən dövr ərzində müvafiq vərdişlərə malik və könüllü kimi fəaliyyət göstərmiş 50-yə yaxın könüllünün işlə təmin edildiyi vurğulanıb.

Bildirilib ki, ölkəmizdə bu yeni institutun inkişafı üzrə məqsədyönlü addımlar atılır, dövlət başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanunun, habelə könüllülərin həvəsləndirilməsi ilə bağlı mühüm qərarların qəbul olunması, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında cənab Prezidentin şəxsən iştirakı bu sahəyə dövlət qayğısının bariz təzahürü olub.

Bununla əlaqədar iclasda könüllülərlə işin təşviqi üzrə əlavə tədbirlərin görülməsinin vacibliyi vurğulanaraq, onların ədliyyə fəaliyyətinin müxtəlif istiqamətlərinə daha geniş cəlb edilməsi, könüllülərin zəruri bilik və bacarıqlar əldə etmələri üçün Ədliyyə Akademiyasında təlimlərin təşkili və s. ilə bağlı tapşırıqlar verilib.

Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez