07-12-2010 | 04:02 882
Cari ilin dekabr ayının 6-sı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında doğumun qeydə alınmasına dair «Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun dərindən öyrənilməsi və həmin Qanunun tətbiq edilməsi barədə ölkə başçısının Fərmanından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Nazirliyin rayon (şəhər) qeydiyyat şöbələrinin əməkdaşları üçün təlimlər keçirilmişdir.
Təlimlərdə qeydiyyat şöbələrinin rəislərinə ilk dəfə olaraq doğumun qeydə alınması ilə bağlı inzibati tənbehlərin tətbiqinə dair səlahiyyətlərin qeydiyyat şöbələrinə verilməsi və bu səlahiyyətlərin həyata keçirilməsi qaydası barədə ətraflı məlumat verilmiş, eyni zamanda şəbəkə vasitəsi ilə Səhiyyə Nazirliyindən daxil olmuş məlumatlar əsasında doğumdan 1 ay müddəti keçdikdən sonra həmin faktın qeydiyyatı ilə əlaqədar müraciət edilmə qaydasının pozulmasına görə qanunvericiliyin tələbləri izah edilmişdir.
Həmçinin təlim iştirakçılarına doğum evlərində və digər tibb müəssisələrində yeni doğulmuş uşaqlar barədə məlumatın Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə ötürülməsinə imkan verən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində edilmiş dəyişikliklər barədə bildirilmişdir.
Bununla yanaşı zəruri hallarda doğumun qanunvericiliklə müəyyən edilmiş müddətdə qeydiyyata alınmasını təmin etmək məqsədi ilə yeni doğulmuş uşağın valideynlərinə müraciət edilməsi qaydası da izah edilmişdir.
Təlimdə iştirakçılar istifadəsi nəzərdə tutulmuş müvafiq sənədlərin nümunələri ilə təmin edilmişlər.