26-04-2012 | 04:02 839
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Notariat xidməti: problemlər və islahatlar” mövzusunda ictimai müzakirələr keçirilmişdir.
Tədbirdə notariuslar, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları, qeyri-hökumət təşkilatları, ekspertlər, media nümayəndələri və Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbələri iştirak etmişlər.
Ədliyyə Nazirliyinin aparıcı məsləhətçisi Vidadi Mayıl “Azərbaycanda notariatın inkişafı, xüsusi notariatın tətbiqi” mövzusunda çıxış edərək məlumat vermişdir ki, notariat xidmətinin təkmilləşdirilməsi və xüsusi qaydada notariat fəaliyyətinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilmiş, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi üçün Kanada, Fransa, Rusiya, İspaniya, İsveçrə, Macarıstan, Almaniya və İtaliyanın müvafiq qurumları ilə səmərəli əməkdaşlıq qurulmuşdur. Hazırda ölkə üzrə notariusların 35%-i xüsusi qaydada fəaliyyət göstərir.
Daha sonra notariat sahəsində görülmüş işlər qeyd edilərək bildirilmişdir ki, 1927-ci ildən sonrakı dövrü əhatə edən 1,2 milyona yaxın notariat sənədləri sistemləşdirilərək müasir tələblərə cavab verən Dövlət notariat arxivi yaradılmışdır. Notariat xidmətinin daha səmərəli təşkili üçün məlumatların mübadiləsinə və statistikanın aparılmasına imkan verən “Notariat Sənədlərinin Elektron Məlumat Bankı” formalaşdırılmış, hazırda onun əsasında Dünya Bankı ilə birgə layihə çərçivəsində müasir “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılır. Vəsiyyətnamələrin mövcudluğunun yoxlanılması, vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi, habelə bu notariat hərəkətləri ilə bağlı çevikliyin təmin edilməsi məqsədi ilə notariusların təsdiq etdiyi vəsiyyətnamələrin məlumat bankının yaradılması prosesi davam edir.
Korrupsiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə mütərəqqi təcrübəyə əsaslanaraq daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələr üzrə vəsaitin tərəflərdən birinin digərinə notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə nağdsız hesablaşmalardan istifadə olunmaqla ödəməsi təmin edilmiş, bu qaydanın tətbiqi ilə əvvəllər mövcud olmuş çoxsaylı mübahisələrin qarşısı alınmışdır.
“Xüsusi qaydada notariat fəaliyyətinin praktiki məsələləri” mövzusunda çıxış edən Bakı şəhərinin xüsusi notariusu Kənan Rəhmanov xüsusi notariat institutunun üstün cəhətlərini vurğulayaraq bildirmişdir ki, xüsusi notarius dövlət bübcəsindən hər hansı bir sərfiyyat olmadan fiziki və hüquqi şəxslərin hüquqlarını təmin edir, qanunsuz notariat hərəkətləri nəticəsində vurduğu ziyana görə bütün əmlakı ilə məsuliyyət daşıyır, xüsusi qaydada notariat fəaliyyətinin tətbiqi bazar iqtisadiyyatı şəraitini və inkişaf edən mülki-hüquq münasibətlərini daha çevik təhlil edərək iş prosesini müasir tələblərə uyğunlaşdırmaq imkanı verir.
Bununla yanaşı xüsusi notariusun fəaliyyətində olan bəzi problemlər qeyd edilərək onun notariat işinə sərf etdiyi xərclərin və notariat hərəkətlərinə görə maddi məsuliyyətinin yüksək olduğu nəzərə alınaraq bu hərəkətlərə görə tutulan haqların məbləğinə dair qanunvericilikdə dəyişikliklərin edilməsi, daşınmaz əmlakla bağlı notariat hərəkətlərinin aparılması üçün vətəndaşlarla təmasın azaldılması və notariat hərəkətlərinin qısa müddətdə rəsmiləşdirilməsi məqsədi ilə notariuslarla Daşınmaz Əmlakın Dövlət Reyestri arasında avtomatlaşdırılmış elektron məlumat mübadiləsinin yaradılması təklif olunmuşdur. “Şəffaflıq Azərbaycan” İB-nin icraçı direktoru Rəna Səfərəliyeva “Notariat xidmətinin inkişafına dair ümumi tövsiyələr”lə çıxış etmiş və mövzular üzrə fikir mübadiləsi aparılmış, son illərdə notariat sahəsində şəffaflığın təmin edilməsi, o cümlədən notariat xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər müsbət qiymətləndirilmişdir.