12-09-2014 | 04:02 780
Qeydiyyat və notariat baş idarəsinin informasiya təminatı şöbəsinin rəisi Ağa Kərim Səməd-zadə 9 - 11 sentyabr tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Krallığının London şəhərində keçirilən "Davamlı inkişaf üçün dövlət nəzarət sisteminin islahatı" mövzusuna həsr olunmuş konfransda iştirak etmişdir.
Altmışa yaxın dövlətin nümayəndə heyətinin iştirak etdiyi konfrans Dünya Bankının struktur qurumu olan, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması və özəl sektorun inkişafı istiqamətində fəaliyyət göstərən Beynəlxalq Maliyyə Korporasiyası və Böyük Britaniya Hökumətinin Tənzimlənmənin İnkişafı İdarəsi tərəfindən təşkil olunmuşdur.
Tədbirdə sahibkarlıq sahəsində aparılan yoxlamaların müasir tənzimlənmə qaydaları, o cümlədən vahid qanunvericlik və yoxlamaların qeydiyyatı, nəzarət səlahiyyətlərinin mərkəzləşdirilməsi və risklərin qiymətləndirilməsi prinsipinin tətbiqi mövzularında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların 50-dən artıq məruzəsi dinlənilmiş, mövcud olan problemlər və onların həlli yolları müzakirə olunmuşdur.
Tədbir iştirakçılarının məlumatlandırılmasına dair təşkilatçıların müraciəti nəzərə alınaraq son illər ərzində ölkəmizin bu sahədə əldə etdiyi uğurları barədə, o cümlədən sahibkarlıq mühitinin təkmilləşdirilməsi istiqamətində atılmış addımlar, xüsusilə də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması və aparılması məsələlərinə həsr olunmuş təqdimat keçirilmiş, dinləciyilərdə yaranan çoxsaylı suallar cavablandırlmışdır.
Təqdimat nəticəsində Azərbaycan təcrübəsinə yaranan maraq nəzərə alınaraq mövzu ətrafında əlavə müzakirələrin aparılması üçün İngiltərə və Ukrayna nümayəndə heyətləri ilə ikitərəfli görüşlər təşkil olunmuşdur.
Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri tərəfindən Azərbaycanda yaradılmış bu reyestrin innovativ həllərin tətbiqi vasitəsilə sahibkarlığa nəzarət və investisiya mühitinin yaxşılaşdırılması üzrə dünyada qabaqcıl təcrübə olduğu bir daha vurğulanaraq onun inkişafı və digər ölkələrdə tətbiq edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi təklif olunmuşdur.