14-04-2016 | 04:02 1094
Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, açıq hökumətin təşviqi, müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması, o cümlədən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.
Hazırda ədliyyə orqanları tərəfindən 22 elektron xidmət aparılır. Son iki il ərzində nazirliyin elektron xidmətlərindən istifadələrin sayı 1 milyonu ötüb. Ədliyyə qurumları, həmçinin ölkə Prezidentinin bilavasitə təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində insanlara yüksək keyfiyyətli xidmətlər göstərir, 8 milyondan artıq insanın faydalandığı ASAN xidmət çərçivəsində 2 milyona yaxın əməliyyat məhz ədliyyə işçiləri tərəfindən həyata keçirilib.
Ədliyyə Nazirliyinin elektron xidmətlərindən nazirliyin rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalı vasitəsilə yararlanmaq mümkündür. Burada vətəndaşlar notariat, qeydiyyat, icra fəaliyyətinə dair məlumat xarakterli və interaktiv elektron xidmətlərdən istifadə etmək, habelə nazirliyə elektron qaydada müraciət etmək imkanına malikdirlər.
Bu sahədəki işlərin davamı olaraq hazırda "Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması" xidməti təşkil olunub. Belə ki, ölkə başçısının 2007-ci il 12 mart tarixli Fərmanına əsasən Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestri yaradılıb və bir sıra dövlət orqanları tərəfindən verilən və hüquqi qüvvəsini itirən 10 milyondan artıq sənəd reyestrə daxil edilib.
Qeyd olunan yeni elektron xidmətin ictimaiyyətə təqdim olunması məqsədilə aprelin 14-də Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə qeyd olunub ki, məlumatlandırma xidməti çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş, xidməti və diplomatik pasportların, sürücülük vəsiqəsinin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, notariat qaydasında təsdiq edilən etibarnamələrin, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin qüvvədən düşməsi barədə məlumat veriləcəkdir.
Yeni xidmət hüquqi və fiziki şəxslər üçün həmin məlumatın daha rahat və operativ əldə edilməsini təmin edərək öz sənədlərinin hüquqi statusu barədə daim məlumatlı olmasına, hüquqi qüvvəsini itirmiş sənədlərin vaxtında dəyişdirilməsinə, onların, o cümlədən itirilmiş sənədlərin qanunsuz istifadəsinin, habelə bu kimi sənədlərdən istifadə edərək saxtakarlıq cəhdlərinin qarşısının alınmasına şərait yaradacaqdır.
Bundan başqa yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icrası ilə bağlı sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb. Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatın vaxtında əldə edilməsinə və onun icrası üçün təxirəsalınmadan zəruri tədbirlərin görülməsinə imkan verəcəkdir.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcəkdir. Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcəkdir. Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər. Qeyd olunmalıdır ki, bu xidmət çərçivəsində gün ərzində 3 minə yaxın məlumatın göndərilməsi nəzərdə tutulur.
Qüvvədən düşmüş sənədlər, habelə məhkəmə qərarların icrası ilə bağlı sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi ilə bağlı əhalidə yarana biləcək sualların cavablandırılması üçün (012) 404-42-82 (Qüvvədən düşmüş sənədlər üzrə), (012) 510-10-01 (1417/1420) (Sərhədkeçməyə dair qadağalar üzrə) telefonları vasitəsilə məlumat almaq olar.
Gələcəkdə məlumatlandırma xidmətin genişləndirilməsi və onun vasitəsilə ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı şəxsə aid digər məlumatların ötürülməsi mümkün olacaqdır.