IMAGE

Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üzrə aparılan islahatlar çərçivəsində ədliyyə orqanlarının yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə müsabiqə yolu ilə, şəffaf şəraitdə yüksək hazırlıqlı, müasir texnologiyalara bələd olan gənc kadrların seçimi həyata keçirilir, habelə nazirlikdə könüllülük institutu təşviq olunaraq bu kateqoriyadan olan gənclər ədliyyə fəaliyyətinin müxtəlif sahələrinə cəlb olunurlar.

Bu günlərdə dövlət başçısı tərəfindən nazirliyin strukturunun təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi bu sahədə işin səmərəliliyinin artırılmasına xidmət edib.

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclərin işlə təminatı daim diqqətdə saxlanılır, onlara xüsusi qayğı ilə yanaşılır. Bu gün ədliyyə sistemində çalışan işçilərin demək olar ki, hər ikisindən birini gənclər təşkil edir. Ədliyyə orqanlarına qulluğa qəbul mütəmadi xarakter daşıyır və son illər şəffaf seçimlər əsasında 2 minə yaxın gənc ədliyyənin müxtəlif sahələrinə işə qəbul olunub.

Həmçinin, Penitensiar xidmətin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədi ilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyası ilə bağlanılmış müqaviləyə əsasən Akademiyada Penitensiar xidmət üçün mütəxəssislər hazırlanaraq nazirliyin sərəncamına göndərilir. Ötən dövrdə ümumilikdə 800-dən cox gənc mütəxəssis Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub və hazırda onlar səmərəli fəaliyyətləri ilə fərqlənirlər.

Bu günlərdə ədliyyənin müxtəlif sahələrinə, o cümlədən Penitensiar xidmətə təyinat alan bir qrup gənclə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.

Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqilliyinin 25 illiyini təntənə ilə qeyd etdiyimiz ölkəmizin dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan danışıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.

Nazir, həmçinin hər bir ədliyyə işçisindən məsuliyyət, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi kimi əsas meyarların tələb olunduğunu söyləyib, gənclərə xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.

Çıxış edən gənclər peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Sonra tədbirdə iştirak edən Nazirliyin aidiyyəti idarələrinin rəhbərləri tərəfindən gənclərə bilavasitə xidməti fəaliyyətləri ilə bağlı zəruri məsləhətlər verilib, təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez