IMAGE

Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi barədə belə bir əlamətdar gündə söhbət açmaq olduqca fərəhlidir.

Hər il Ədliyyə Nazirliyinin təşəkkülünün ildönümündə ənənəvi olaraq ölkəmizin şərəfli ədliyyə tarixinə nəzər salınır, 1918-ci ildə Şərqdə və müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə təsis olunan Azərbaycan ədliyyəsinin həmin dövrdəki mühüm xidmətləri ehtiramla xatırlanır.

Nazirliyin çətin və mürəkkəb dövrü sayılan sovet hakimiyyəti illərindəki fəaliyyəti, o cümlədən ədliyyə orqanlarından repressiya aləti kimi istifadə olunması, uzun müddət onun təşkilinə ehtiyac belə bilinməməsi də ədliyyə tarixinin reallıqlarıdır.

Ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması 1970-ci ilə - ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonraya təsadüf edir. Dahi rəhbərin Azərbaycan ədliyyəsinə qayğısı ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da davam etmiş və ötən dövrdə ədliyyə sistemi müstəqilliyimizlə bərabər uğurlu inkişaf yolu keçmişdir.

Əlamətdar haldır ki, ədliyyə işçilərinin builki peşə bayramı məhz dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümünün qeyd olunduğu dövrə düşür. Ötən ay xalqımız müstəqilliyimizin ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etmiş, bu münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı xüsusi Sərəncama uyğun olaraq təntənəli tədbirlər, o cümlədən rəsmi qəbul keçirilmişdir. Bu möhtəşəm tədbirdə dövlətimizin başçısı Azərbaycanın müstəqillik illərindəki inkişaf yolunu dolğun və ətraflı təhlil etmişdir.

Azərbaycanın müstəqillik yolu çox çətin sınaqlardan keçmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız səriştəsiz idarəçiliklə, ölkədaxili xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü ilə üzləşmişdi. Möhtərəm Prezidentimizin rəsmi qəbulda qeyd etdiyi kimi, "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik". Ümummilli Liderimiz məhz belə bir ağır dövrdə - 1993-cü ildə müstəqilliyimizin yenidən itirilməsi ilə üz-üzə qalan xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını öz üzərinə götürdü. Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, atəşkəsə nail olundu, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu.

Dahi öndərin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi təmin edilmiş, ictimai-siyasi sabitliyi, təhlükəsizliyi möhkəmləndirilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır və respublikamız ən islahatçı 29 ölkədən biridir. Həmçinin, Azərbaycan regionda qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı olmaqla Avropanın enerji təminatında əvəzsiz rol oynayır.

Bütün dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü, neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşdüyü son illərdə də respublikamızın tərəqqisi təmin olunur, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı üzrə köklü islahatlar aparılır. Təsadüfi deyil ki, iqtisadiyyatımız və sənaye istehsalı ümumilikdə 3 dəfə artmış, cari ildə isə qeyri-neft sektorunda 3,6 faiz, kənd təsərrüfatında 2,4 faiz artım müşahidə olunmuş, sosial infrastruktur layihələr müvəffəqiyyətlə icra edilmişdir.

Dövlətçiliyimizin möhkəmləndirilməsi, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, siyasi sistemin və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə bu ilin sentyabrında Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilmişdir. Demokratik qaydalara uyğun təşkil olunmuş referendumda xalqımızın böyük vətəndaş həmrəyliyi nümayiş etdirərək Azərbaycanın hərtərəfli tərəqqisinə, gələcək inkişafına səs verməsi Prezident İlham Əliyevə ümumxalq etimadının növbəti təzahürü olmuşdur.

Fəxrlə deyə bilərik ki, geniş vüsət alan hərtərəfli islahatlar ədliyyə və məhkəmə sistemini də əhatə etmiş, Azərbaycan ədliyyəsinin inkişafı, müasirləşdirilməsi üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş, nazirliyin normativ bazası əsaslı şəkildə yenilənmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir.

Bu gün geniş səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyi çoxşaxəli fəaliyyət istiqamətləri üzrə mühüm funksiyalar həyata keçirir.

Ölkəmizin inkişafına yönələn qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək təkcə bu ilin 9 ayı ərzində 2.100-dən çox qanunvericilik aktının layihələri ekspertizadan keçirilmiş, 900-dək mühüm layihələr hazırlanmışdır. Həmçinin, ictimaiyyət üçün daim açıq olan milli qanunvericiliyin elektron bazasının (www.e-qanun.az) və Hüquqi Aktların Dövlət Reyestrinin (www.huquqiaktlar.gov.az) fəaliyyəti təkmilləşdirilmiş, vətəndaşlar tərəfindən həmin saytlara bu il 350 mindən çox başçəkmə olmuşdur.

Əhalinin daha çox təmasda olduğu notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı artaraq 2016-cı ilin 9 ayı ərzində 2.7 milyona çatmışdır ki, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Həmçinin, qeydiyyat orqanlarında 240 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilmiş, doğumun sayı 117,5 min, nikahın sayı isə 49 min təşkil etmişdir.

Yeri gəlmişkən, ədliyyə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində son illər 50-dən çox qeydiyyat şöbəsinin binaları əsaslı təmir olunmuş və ya yeniləri inşa olunaraq istifadəyə verilmiş, o cümlədən ötən bir ildə dövlət başçısının Şəkiyə və Xaçmaza səfərləri çərçivəsində rayon qeydiyyat şöbələrinin yeni inzibatı binalarının açılışları olmuşdur. Bu ilin sentyabrında daha bir yeni qeydiyyat şöbəsinin binası Mingəçevir şəhərində istifadəyə verilmişdir. Yeni tikilən binalarda təntənəli nikah mərasimlərinin keçirilməsi, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi üçün hər cür şərait yaradılmışdır.

Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-kommersiya təşkilatlarının ümumi sayı ilbəil artaraq 4.300-ə çatmış, KİV-lərin sayı isə 5.100-ü ötmüşdür. Nazirlik tərəfindən, həmçinin dövlət qeydiyyatına alınmış təşkilatlar üçün "Fərdi elektron pəncərə" elektron məlumat bazası yaradılmışdır və QHT-lər bu sistemdən səmərəli istifadə edirlər.

Ötən ay ölkə Prezidenti tərəfindən "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Fərman imzalanmışdır. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasına, qrantların verilməsi prosedurunun asanlaşdırılmasına və şəffaflığın təmin olunmasına xidmət edən bu mühüm sənədin icrası ilə bağlı məsələ təxirəsalınmadan nazirliyin kollegiyasında müzakirə olunmuş və konkret tədbirlər müəyyən edilərək icrasına başlanılmışdır.

Nazirliyin yeni fəaliyyət istiqamətlərindən olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri dövlət başçısının sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı göstərişlərinə əsasən xeyli təkmilləşdirilmişdir. Həyata keçirilən islahatlar, müvafiq reyestrin tətbiqi təcrübəsi digər dövlətlərin diqqətini cəlb edir. Elə bu ayda Tacikistanın nümayəndə heyəti ölkəmizə səfər edərək müsbət təcrübəmizdən bəhrələnmişdir.

Ölkə Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq, bu sahədə iş mütəmadi təkmilləşdirilir, müasir İKT-lər tətbiq olunmaqla "qaynar xətlər" fəaliyyət göstərir, virtual və səyyar qəbullar keçirilir. Cari ildə nazirliyin rəhbərliyi tərəfindən 10 bölgədə 30 şəhər və rayonu əhatə edən 360-dan çox vətəndaş qəbul edilmiş və onların müraciətlərində qaldırdıqları məsələlər operativ, o cümlədən yerindəcə həll edilmişdir.

Eyni zamanda, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində 12 milyondan artıq insana müxtəlif xidmətlər göstərilməklə yüksək vətəndaş məmnunluğuna nail olunmuş, verilən sənədlərin 40 faizdən çoxu məhz ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə işçilərinin payına düşmüşdür.

Həmçinin, şəffaflığın təmin olunması məqsədilə nazirliyin 10 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, müxtəlif mətbu nəşrlər, illik toplular çap olunur, vətəndaşlara ədliyyə fəaliyyəti üzrə 25 elektron xidmət göstərilir. Vətəndaş cəmiyyəti institutları, xüsusilə bu il yaradılmasının 10 illiyini qeyd etdiyimiz və müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan İctimai Komitə ilə səmərəli əməkdaşlığımız da şəffaflığa, ictimai iştirakçılığa xidmət edir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin xeyli artmasına səbəb olmuşdur. Təkcə cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artmış, onlardan 230 mindən çoxunun icrası təmin edilmişdir. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3.702 nəfər inzibati məsuliyyətə cəlb olunmuş, o cümlədən 2.441 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunmuş, 260 şəxs barəsində cinayət işi başlanılmışdır. Həmçinin, 5.694 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, məhkəmə qərarını icra etmiş şəxslərin üzərindən əvvəllər qoyulmuş belə məhdudiyyət götürülmüşdür.

Bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra xidmətinin tətbiqi, habelə icra məmurlarının peşəkarlığının artırılması üzrə tədbirlər görülmüş, o cümlədən metodiki köməklik məqsədilə "İcra haqqında" Qanunun Kommentariyası hazırlanaraq onların istifadəsinə verilmişdir.

Nazirliyin İstintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı cari ildə 428 cinayət işinin istintaqı tamamlanmış, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı nail olunmuşdur.

Doqquz ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılmış, qanunsuz qərarların ləğvinə nail olunmuş, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilmiş, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılmışdır.

Ölkədə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını həyata keçirən və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə töhfələr verən Məhkəmə ekspertizası mərkəzinə 22 mindən çox iş daxil olmuş, ekspertlər 463 min suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-ni həll etmişlər.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemin müasirləşdirilməsi, məhkumların hüquqlarının qorunması, infrastrukturun və saxlanma şəraitinin, tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilmişdir. Penitensiar sistemdə tibb sahəsində, o cümlədən vərəmlə mübarizədə nailiyyətlərimizə maraq artaraq son illər 15-ə yaxın dövlətdən tərkibində səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 120-dək nümayəndələri ölkəmizə səfərlər etmiş və müsbət təcrübəmizdən faydalanmışlar. Artıq bəzi ölkələrdə bizim təcrübəyə oxşar modellərin tətbiqinə başlanılmışdır.

Eyni zamanda, Ulu Öndərin humanizm siyasəti uğurla həyata keçirilərək möhtərəm Prezidentimizin ötən bir ildə imzaladığı sərəncamlarla 358 nəfər əfv olunmuş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş sayca 4-cü amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.

Həmçinin, cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılmış, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.235 məhkum barədə məhkəmələrə təqdimat göndərilmiş, artıq onlardan 860-na baxılmış və hamısı təmin edilmişdir.

Bununla yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi tərəfindən məhkumları vaxtından əvvəl şərti olaraq azad etmə institutunun səmərəli tətbiqi nəticəsində bu günədək həqiqi islah yoluna qədəm qoymuş 6.300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilmişdir.

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində yeni nəsil ədliyyə işçilərindən ibarət kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılmış, cari ildə şəffaf seçimlər nəticəsində 357 nəfər ədliyyə orqanlarına işə qəbul edilmişdir ki, onların tam əksəriyyəti gənclərdir. Hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən hər ikisindən birini gənclər təşkil edir.

Eyni zamanda, dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqi üzrə həyata keçirilən tədbirlərə uyğun olaraq Ədliyyə Nazirliyində də bu yeni institutdan geniş istifadə olunur. Gənc könüllülər ədliyyənin müxtəlif sahələrinə cəlb olunurlar və təsadüfi deyil ki, ötən dövr ərzində müvafiq vərdişlərə yiyələnən həmin şəxslərdən 50-ə yaxını işlə təmin olunmuşdur.

2016-cı il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi baxımından məhsuldar və zəngin olmuş, Çin, Qətər, Türkiyə və Vyetnam ilə ədliyyə sahəsində mühüm sənədlər imzalanmış, Rusiya ədliyyə nazirinin ölkəmizə səfəri təşkil olunmuş, habelə nümayəndə heyətimiz Vyetnama səfər etməklə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 15 minə yaxın sorğunun icrası təmin edilmişdir.

Məlum olduğu kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə ümumbəşəri sosial bəla olan korrupsiya qarşı sərt mübarizə aparılır, ölkəmizin antikorrupsiya təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Belə ki, "Beynəlxalq şəffaflıq" təşkilatının "2016-cı il Qlobal Korrupsiya Barometri" hesabatında Azərbaycanda digər ölkələrlə müqayisədə korrupsiyanın səviyyəsinin azalması, bu sahədə mübarizə tədbirlərinin səmərəliliyi müsbət göstəricilərlə xarakterizə edilmiş, "Korrupsiya Qavrama İndeksi"ndə isə Azərbaycanın mövqeyi yüksəlmişdir.

Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan dünyanın əksər dövlətlərini birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir. Cari ilin mayında Assosiasiyanın Çinin Tiançin şəhərində 9-cu İllik Konfransı keçirilmiş, bu mötəbər tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunmuşdur. Ölkəmizin IAACA-nın işinə verdiyi töhfələr nəzərə alınaraq antikorrupsiya orqanlarının fəaliyyətinə həsr olunmuş əsas plenar sessiyaya sədrlik, habelə təşkilatın rəhbərliyi adından Ümumi Yığıncaqda əsas məruzəçi qismində çıxış edilməsi qurumun vitse- prezidenti kimi Azərbaycanın ədliyyə nazirinə həvalə olunmuşdur.

Ötən ay isə dövlət müstəqilliyimizin 25 illiyi ərəfəsində Türkiyə Prezidentinin himayəsi altında keçirilmiş Beynəlxalq İstanbul Hüquq Konqresində ölkəmiz təmsil olunaraq bu mötəbər tədbirin təntənəli açılış mərasimində Türkiyə Prezidenti və ədliyyə naziri ilə yanaşı, Azərbaycanın təmsilçisi tərəfindən çıxış edilmişdir.

Konqres çərçivəsində həmçinin, Türkiyənin ədliyyə naziri, Ali Məhkəməsinin sədri və Ədliyyə Akademiyasının rektoru ilə tərəfimizdən görüşlər keçirilərək qarşılıqlı fəaliyyətin gələcək prioritetlərinə dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Eyni zamanda, Konqresə qatılmış Türkiyədə yaşayan azərbaycanlı müəllim və tələbələrlə görüşülmüş, ölkəmizdə dövlət gənclər siyasətinin uğurla aparılması vurğulanmış, onların qayğıları ilə maraqlanılmışdır.

Hər bir demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqilliyi müstəsna əhəmiyyət kəsb edir və məhkəmə sisteminin islahatı bu gün Avropa məkanında olduqca aktualdır.

Təsadüfi deyil ki, cari ilin aprelində Sofiyada keçirilmiş Avropa ədliyyə nazirlərinin konfransında Avropa dövlətlərinin məhkəmə hakimiyyətlərinin təmsilçiləri və digər iştirakçılar öz ölkələrində məhkəmə fəaliyyətinə digər hakimiyyətlər tərəfindən müdaxilə edilməsi, o cümlədən KİV-lərin yolverilməz təzyiqi faktlarını, məhkəmələrin maliyyələşməsinin pisləşməsi, hakimlərin əmək haqlarının və sayının azaldılması kimi neqativ tendensiyaları diqqətə çatdırmış və bununla bağlı məhkəmə sistemlərinin müstəqilliyinin möhkəmləndirilməsinin, hakimlərin tam siyasətsizləşdirilməsinin və bu sahədə korrupsiyanın qarşısının alınması üçün əlavə təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulamışlar.

Lakin ölkə rəhbərliyinin siyasi iradəsi ilə Azərbaycanda belə problemlər demək olar ki, yaşanmır.

Zəngin dövlətçilik ənənələrinə malik olan ölkəmizdə məhkəmə sisteminin səmərəliliyinə hələ qədim zamanlardan xüsusi diqqət yetirilirdi. Misal üçün, XIII əsrdə Qazan xan tərəfindən Azərbaycanın indiki ərazisində həyata keçirilən məhkəmə islahatları məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalətin gözlənilməsinə yönəlirdi. Bu zaman yaradılmış çoxmərhələli məhkəmə quruluşu isə bir neçə əsr fəaliyyət göstərdi.

Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycanda demokratik cəmiyyətə xas olan yeni məhkəmə sistemi qurulmuş və 2000-ci ildə Ulu Öndərin xeyir-duası ilə müasir üçpilləli məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Respublika Prezidentinin təşəbbüsü ilə son illər qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmlənmiş, Məhkəmə-Hüquq Şurası yaradılmaqla məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətləri genişləndirilmişdir. Məhkəmə-Hüquq Şurası haqqında Qanuna, demək olar ki, hər il mütərəqqi dəyişikliklər edilmiş, o cümlədən hakimlərin fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması Şuranın səlahiyyətlərinə aid edilmiş, onların müstəqilliyinin təminatının əlavə mexanizmləri yaradılmış, hakimlərin əmək haqlarının azaldılması qanunla qadağan edilmişdir.

Həmçinin, ötən ayın sonlarında Milli Məclis tərəfindən məhkəmələrin maliyyə müstəqilliyinin möhkəmləndirilməsini, özünüidarə səlahiyyətlərinin daha da genişləndirilməsini nəzərdə tutan yeni mühüm Qanun qəbul olunmuşdur.

Hakim korpusunun mənəvi cəhətdən saf, yüksək peşə hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə ölkəmizdə ən şəffaf seçim proseduru yaradılmışdır ki, bu təcrübənin tətbiqi nəticəsində hakim korpusu 60 faiz təzələnmişdir. Təqdirəlayiq haldır ki, bu sahədə müsbət təcrübəmiz Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə olunur. Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) 14 illik fəaliyyətinə həsr olunmuş nəşrdə də Azərbaycanda həyata keçirilən məhkəmə islahatları, xüsusilə hakimlərin seçim prosesi yüksək qiymətləndirilmişdir.

Hakim kadrlarına olan ehtiyacla bağlı hazırda növbəti seçim keçirilir və 800-dən çox hüquqşünas hakim vəzifəsinə namizədliyini irəli sürmüşdür. Cari ildə həmin şəxslərlə vahid auditoriyada - "Bakı Kristal Zalı"nda ən mütərəqqi və şəffaf qaydalarla, çoxsaylı yerli və beynəlxalq təşkilatların, media nümayəndələrinin iştirakı ilə test, habelə yazılı imtahanlar keçirilmişdir. Bütün proseslər internetdə onlayn rejimində canlı yayımlanmışdır. Bu imtahanlardan 176 nəfər namizəd uğur qazanmış və müsabiqənin növbəti mərhələsinə - şifahi imtahanlara buraxılmışlar.

Bu gün həmin şəxslərlə şifahi imtahanlar aparılır və bu imtahandan müvəffəqiyyət qazanan namizədlər uzunmüddətli tədris kurslarına cəlb olunacaqlar. Kurslarda ən aktual, o cümlədən insan haqları, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi, məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər mövzulara önəm verilir, namizədlər müxtəlif məhkəmələrdə staj keçirlər. Onların xarici ölkələrdə də təcrübə keçmələrinə mühüm əhəmiyyət verilərək ötən seçimlərdə bütün hakimliyə namizədlərimiz Türkiyədə yarım aylıq xüsusi kurs keçmişlər. Artıq yeni namizədlərimiz üçün də belə təlim səfərinin təşkil olunması barədə razılığa gəlinmişdir.

Yeri gəlmişkən, namizədlərimizin tam əksəriyyətini gənclər təşkil edir və bu, heç də təsadüfi deyil. Belə ki, dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan gənclər bu gün ictimai həyatın bütün sahələrində fəal təmsil olunurlar. Referendumla Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən müxtəlif sahələrdə, o cümlədən hakim olmaq üçün yaş həddinin götürülməsi də Azərbaycan gəncliyinin inkişafına mühüm töhfələr verməklə onların dövlət idarəçiliyində, ədliyyə və məhkəmə sistemində daha geniş iştirakına imkan yaratmışdır.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni məhkəmə binaları tikilib istifadəyə verilir.

Son illər Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilmiş, 11 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilmişdir. Ölkə başçısının ötən il ölkəmizdə konseptual baxımdan yeni olan Bakı şəhəri Sabunçu və Şəki Məhkəmə komplekslərinin açılışını etməsi xüsusilə əlamətdar olmuşdur. Şəki Məhkəmə Kompleksində möhtərəm Prezidentimiz ədliyyə və məhkəmə işçiləri ilə keçirdiyi müşavirədə bu sahədə görülən işləri müsbət qiymətləndirmişdir: "Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır".

Müşavirədə dövlətimizin başçısı, həmçinin ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı mühüm tapşırıq və tövsiyələr vermişdir. Bununla əlaqədar yeni açılmış həmin binada Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə təxirəsalınmadan geniş regional müşavirə keçirilmiş və qarşıda duran vəzifələr məhkəmə sədrlərinin, hakimlərin, hakim assosiasiyaları rəhbərlərinin, ədliyyə işçilərinin, vəkillərin, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müzakirə olunmuş, məhkəmə fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqlar ətraflı təhlil edilərək, konkret tədbirlər müəyyən edilmişdir.

Eyni zamanda qeyd olunmalıdır ki, Dünya Bankı ilə birgə "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində, habelə dövlət büdcəsi hesabına hazırda 10 məhkəmə, o cümlədən Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Binəqədi, Nərimanov, Suraxanı, eləcə də İmişli, Zaqatala, Qəbələ rayon məhkəmələrinin yeni inzibati binalarının inşası aparılır. Cari ildə isə Masallı Rayon Məhkəməsinin yeni binasının təməli qoyulmuşdur.

Məhkəmə islahatlarında mühüm mərhələ olan "Elektron məhkəmə" informasiya sisteminin yaradılması istiqamətində xeyli işlər görülmüşdür, artıq sistemin bir sıra komponentləri müasir tipli məhkəmə binalarında tətbiq olunur. Həmçinin, məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yenilənərək zənginləşdirilmiş, o cümlədən portalda "E-məhkəmə" bölməsi yaradılmışdır.

Bu yaxınlarda isə iqtisadi mübahisələr üzrə işlərdə elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilmişdir.

Yeni Qanuna əsasən elektron məhkəmə informasiya sistemi vasitəsilə tərəflər qeydiyyatdan keçməklə elektron kabinetə sahib olacaq, elektron qaydada sənədləri göndərə və məhkəmə bildirişlərini əldə edə biləcəklər. Həmçinin, iclasların fasiləsiz video-audio yazısı aparılacaq və protokola elektron daşıyıcıda əlavə olunacaqdır.

Sözsüz ki, qarşıda duran vəzifələr də az deyil. Dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın maksimum artırılması, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, korrupsiya hallarının tam aradan qaldırılması, məhkəmə sistemində müsbət beynəlxalq təcrübənin tətbiqi ilə bağlı tapşırıqlarının icrası üzrə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Ədliyyə və məhkəmə sistemimizin müasirləşdirilməsi istiqamətində qazanılan bütün nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür.

Qeyd olunmalıdır ki, dövlətimizin sosial, iqtisadi, hüquqi və digər sahələrdə uğurları Ermənistanla müharibə vəziyyətində, torpaqlarımızın 20 faizinin işğal altında olduğu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü şəraitdə əldə edilmişdir. Azərbaycan bu məsələnin sülh yolu ilə, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun ərazi bütövlüyümüz çərçivəsində həlli istiqamətdə mühüm addımlar atır. Bununla yanaşı, güclü ordu quruculuğu aparılaraq müdafiə potensialımız möhkəmləndirilir, ordunun döyüş qabiliyyəti artırılır.

Bu ilin aprel ayında işğal olunmuş ərazilərimizdə erməni silahlı birləşmələrinin təxribatlarına Milli Ordumuzun layiqincə cavab verməsi, kəskin əks zərbə nəticəsində düşmənin çoxsaylı canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi, bir neçə yaşayış məntəqəsi və strateji yüksəkliyin işğaldan azad olunması dövlətimizin hərbi qüdrətinin əyani təcəssümü olmuşdur. Ali Baş Komandanın bu günlərdə ön cəbhəyə baş çəkərək əməliyyat şəraiti ilə tanışlığı və döyüşdə fərqlənmiş hərbi qulluqçularla görüşü hər bir azərbaycanlını Vətənin müdafiəsinə qalxmağa və əzəli torpaqlarını işğaldan azad etməyə ruhlandırır.

Azərbaycanın bu məsələdə haqlı mövqeyi beynəlxalq səviyyədə də dəstəklənir. Dövlətimizin başçısının fəal və uğurlu xarici siyasətinin təzahürü olaraq ölkəmizin beynəlxalq imici günbəgün yüksəlir, dünyanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq edilir. Təkcə cari ilin ötən dövründə Azərbaycan Prezidenti 20-dən çox xarici səfərdə olmuş, ölkəmizə 25-ə yaxın xarici dövlət və hökumət başçısı səfər etmişdir.

Eyni zamanda, Azərbaycanın çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə, o cümlədən iqtisadi, siyasi, humanitar forumlara müvəffəqiyyətlə ev sahibliyi etməsi, cari ildə Formula 1 Avropa Qran-Prisinin və 42-ci Dünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunması, eləcə də qarşıdan gələn digər möhtəşəm beynəlxalq tədbirlər müstəqilliyimizin tarixi nailiyyətlərindəndir.

Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin məntiqi nəticəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur, hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır.

Azərbaycan ədliyyəsinə daim yüksək diqqət və qayğı ilə yanaşan möhtərəm Prezidentimiz tərəfindən peşə bayramı ərəfəsində ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişikliklərin edilməsi, həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi hamımızda sonsuz minnətdarlıq hissləri doğurmaqla üzərimizə əlavə məsuliyyət qoyur.

Ədliyyə işçiləri də dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, daha əzmkarlıqla və məsuliyyətlə çalışmaq əzmindədirlər.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər. Həmçinin, bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınır. Bu günlərdə ədliyyə orqanlarında və məhkəmələrdə silsilə bayram tədbirləri təşkil olunmuş, qulluğa yeni qəbul olunan gənc əməkdaşlarla görüşlər keçirilmiş, habelə erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımıza yardımlar göstərilmişdir. Əlamətdar bayram münasibətilə Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend, habelə nazirliyin builki fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır.

Fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıram.

 

Fikrət Məmmədov,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
I dərəcəli dövlət ədliyyə müşaviri

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez