IMAGE

Ədliyyə naziri Yevlax rayonunda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 25-də ədliyyə naziri Fikrət Məmmədov Yevlax rayonunda Yevlax, Bərdə rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, insanların məmnunluğunun yüksəldilməsi ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlarını verib.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez