IMAGE

Türkiyənin ölkəmizdəki yeni səfiri ilə Ədliyyə Nazirliyində görüş

Noyabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Erkan Özoral ilə görüşüb.

Xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq, strateji müttəfiqlik münasibətlərini, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikitərəfli əlaqələrin inkişafında güclü siyasi iradəsini qeyd edən nazir dövlətlərimizin hər zaman bir-birinə dəstək göstərdiyini, Türkiyənin bu ilin iyulunda dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə alaraq davamlı tərəqqisini təmin etdiyini vurğulayıb.

Nazir ən zəngin müqavilə bazasına malik əlaqələrimizin hüquqi sahədə dinamik inkişafından məmnunluğunu ifadə edib, ötən ay Türkiyə Prezidentinin iştirakı ilə keçirilmiş və dünya ictimaiyyətinin böyük marağına səbəb olmuş Beynəlxalq İstanbul Hüquq Konqresində iştirakını və məhsuldar görüşlərini xatırladıb.

Dərin tarixi köklərə malik ölkələrimizin bütün sahələrdə əlaqələrinin günbəgün yüksəldiyini qeyd edən səfir Azərbaycan və Türkiyənin bir-birinə ən yaxın münasibətlərinin dünyada örnək olduğunu vurğulayıb, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqının və Prezidentinin ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

O, əvvəllər də ölkəmizdə fəaliyyət göstərməsini xatırladaraq özünü doğma Vətənindəki kimi hiss etdiyini söyləyib, səfir kimi Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi işində səylə çalışacağını vurğulayıb.

Görüşdə dövlət başçısının rəhbərliyi ilə respublikamızda aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakı, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə hakimliyə namizədlərin Türkiyədə təlim keçməsi sıx əməkdaşlığımızın təzahürü kimi dəyərləndirilib.

Səfir E.Özoral məhkəmə-hüquq sistemində aparılan islahatları və əldə olunmuş nailiyyətləri maraqla qarşılayıb, iki ölkənin ədliyyə orqanları arasında sıx əlaqələrin olduğunu qeyd edərək fəaliyyəti dövründə bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə yardımçı olacağını söyləyib.

Söhbət zamanı qarşılıqlı fəaliyyətin prioritetləri müzakirə olunub, Türkiyə ədliyyə nazirinin artıq razılaşdırılmış Azərbaycana səfəri barədə fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez