Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti Cenevrədə səfərdə olmuşdur

BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilmiş 96-cı sessiyası çərçivəsində iyulun 20-21-də "Mülki və siyasi hüquqlar üzrə" Beynəlxalq Pakta dair Azərbaycan Respublikasının üçüncü dövri məruzəsinə baxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 29 may tarixli Sərəncamına əsasən, tədbirdə ölkəmizi respublika xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə ədliyyə nazirinin müavini Toğrul Musayev, daxili işlər nazirinin müavini Oruc Zalov, Baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslərdən ibarət yüksək səviyyəli nümayəndə heyəti təmsil etmişdir.

Məruzənin təqdimatı zamanı ölkəmizdə insan hüquq və əsas azadlıqlarının təmin olunması və təşviqinin möhkəmləndirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verilmiş, bu ilin martında keçirilmiş referendum nəticəsində Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin insan hüquqlarının daha etibarlı müdafiəsi və inkişafı baxımından əhəmiyyəti vurğulanmışdır.

Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq və penitensiar sistemin müasirləşdirilməsi üzrə aparılan islahatlar, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının, gender bərabərliyinin təmin edilməsi, korrupsiyaya və insan alverinə qarşı mübarizə sahəsində görülən tədbirlər qeyd olunmuşdur.

Tədbir iştirakçılarının diqqəti Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur. Konstruktiv və interaktiv dialoq formasında davam edən müzakirələrdə nümayəndə heyətinin üzvləri məruzə ilə bağlı sualları cavablandırmış, təfsilatlı şərhlər vermişlər. Komitə üzvləri Azərbaycanda insan hüquqları sahəsində əldə olunmuş nailiyyətləri vurğulamaqla yanaşı, göstərilən səylərin daha da artırılması ilə bağlı tövsiyələrini söyləmişlər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez