IMAGE

Ədliyyə naziri Avropa Məhkəməsinin sədri ilə görüşüb

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı təmin olunması istiqamətində məqsədyönlü işlər aparılır, bu sahədə qanunvericilik və institusional tədbirlər görülüb, ölkəmiz bütün mühüm konvensiyalara qoşulub, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurası ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin təcrübəsini ehtiva edən presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı Avropa hakimləri ilə birbaşa təmasın böyük səmərəsi nəzərə alınaraq bu Məhkəmə ilə fəal əməkdaşlıq edilir, mütəmadi olaraq birgə müxtəlif təlimlər keçirilir.

Avropa Məhkəməsi ilə əlaqələrin davamı olaraq bu günlərdə Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşü olub.

Azərbaycan və Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ədliyyə naziri bu qurumun fəaliyyətinin təkmilləşdirilməsinə dair qəbul olunmuş bəyannamələrin ölkəmizdə implementasiyası üzrə görülən işlər, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatları, o cümlədən hakimlərin müstəqilliyinin gücləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib.

Həmçinin, Avropa Məhkəməsinin qərarlarının icrasına və presedentlərinin tətbiqinə böyük önəm verilərək onların, habelə müvafiq metodiki vəsaitlərin Azərbaycan dilinə tərcümə olunaraq yayılması, hakimlərin tədrisində Məhkəmənin 20-dək hakiminin iştirakı, eləcə də Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində hüquqşünasların təliminin və Avropa Məhkəməsinə tədris səfərlərinin səmərəsi qeyd olunub, artıq distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlərin təşkilinə keçildiyi bildirilib.

G.Raymondi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşılayaraq təqdir edib, bu tədbirlərin Avropada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Avropa Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirən ölkəmizin bu sahədə problemli dövlətlər sırasında olmadığını qeyd edib, Avropa Məhkəməsinin islahatından və iş yükünün ötən illərə nisbətən azalmasından danışıb.

Həmçinin, Strasburq Məhkəməsinə Azərbaycan Hökuməti tərəfindən hakimin ezam olunması yüksək qiymətləndirilib və bu təcrübənin davam etdirilməsinin vacibliyi qeyd olunaraq bu barədə razılığa gəlinib.

Söhbət  zamanı əməkdaşlığın prioritetləri, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən konkret işlər və digər maraq doğuran məsələlər müzakirə olunub.

Səfər çərçivəsində ədliyyə naziri, həmçinin Avropa Məhkəməsinin Katibliyində çalışan azərbaycanlı hüquqşünaslarla görüşüb, onların fəaliyyəti ilə maraqlanıb, ölkəmizin məhkəmə-hüquq sistemindəki yeniliklərdən bəhs edib. Həmin hüquqşünasların xeyli müddət Məhkəmədə çalışmaları və müvafiq təcrübəyə malik olmaları nəzərə alınaraq onların ölkəmizdə keçirilən treninqlərə cəlb olunmasının faydası qeyd edilib və bu barədə Avropa Məhkəməsinin rəhbərliyi ilə razılıq əldə edilib.

Görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak ediblər.

iacca
iap
business ready
eplc
Ən Tez