19-12-2016 | 04:02 1256
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı təmin olunmasına xidmət edən məqsədyönlü işlər aparılır, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Uşaq Fondu - UNISEF ilə səmərəli əməkdaşlıq edilir.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov UNISEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə görüşüb.
Azərbaycan və UNISEF arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən nazir dövlət başçısının rəhbərliyi ilə insan haqlarının, o cümlədən uşaq hüquqlarının qorunması üzrə görülən işlərdən, məhkəmə-hüquq və penitensiar sistemlərdə aparılan islahatlardan danışıb. Həmçinin, yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, məhkumların, o cümlədən yetkinlik yaşına çatmayanların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə hakimlərin yuvenal ədliyyə sahəsində treninqi və digər tədbirlər barədə məlumat verib, bu sahədə UNISEF-in dəstəyini qeyd edərək E.Karvardinə uğurlu fəaliyyət arzulayıb.
UNISEF-in ölkəmizlə çox uğurlu əməkdaşlıq etdiyini söyləyən qonaq Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində dövlətin siyasi iradəsi ilə atılan mühüm addımları, yuvenal ədliyyənin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə görülən işləri, məhkəmə və penitensiar sistemin müasirləşdirilməsi, yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının genişləndirilməsi üzrə tədbirləri təqdir edib.
Yuvenal ədliyyənin inkişafı sahəsində Ədliyyə Nazirliyinin təşəbbüslərini və əməkdaşlığı yüksək qiymətləndirən E.Karvardin qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən yuvenal ədliyyə sahəsində birgə tədris tədbirlərinin təşkili, yaxşı təcrübələrin öyrənilməsi, azyaşlılara azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların tətbiqi və s. barədə faydalı fikir mübadiləsi aparılıb.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.