30-12-2016 | 04:02 1185
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Oğuz rayonunda Oğuz, Qəbələ və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.
Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara daim qayğı və nəzakətlə xidmət göstərilməsi, bu zaman etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili və digər tövsiyə və tapşırıqlar verilib.
Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, əmək və icra intizamının möhkəmləndirilməsi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.
Nazir, həmçinin respublikamızda məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində tikintisi başa çatmaqda olan Qəbələ Rayon Məhkəməsinə baş çəkərək son tamamlama işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.