Ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi yüksək qiymətləndirilmişdir

BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin Cenevrədə keçirilmiş 75-ci sessiyası çərçivəsində avqustun 11-12-də Azərbaycan Respublikasının BMT-nin eyni adlı konvensiyası üzrə beşinci və altıncı dövri məruzələrinə baxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamına əsasən, tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirakı ilə yüksək səviyyəli nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın məruzəsi ilə bağlı müzakirələr olduqca konstruktiv və səmimi dialoq şəraitində aparılmış, ölkəmizin dolğun, hərtərəfli, əsaslandırılmış şəkildə hazırlanmış hesabatı yüksək qiymətləndirilmişdir.

Müzakirələr zamanı nümayəndə heyətinin üzvləri respublikamızda yüksək tolerantlığın, milli azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu qeyd etmiş, insan hüquqlarının təmin olunması, o cümlədən irqi ayrı-seçkiliyin qarşısının alınması üzrə görülən tədbirlər, bu sahədə mükəmməl qanunvericilik bazasının və müvafiq təsisatların formalaşdırılması barədə ətraflı məlumat vermişlər.

Nazir müavini T.Musayev tərəfindən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müstəqilliyinin təmin olunması, hüquq təsisatlarının möhkəmləndirilməsi və onlara müraciətin asanlaşdırılması, o cümlədən aztəminatlı əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi üzrə görülən konkret tədbirlər vurğulanmış, respublikamızda insan haqlarının etibarlı təmin olunması, xüsusilə də milli azlıqların, əcnəbi, vətəndaşlığı olmayan şəxslərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə daim diqqət yetirilməsi, miqrasiya sahəsində vahid pəncərə sisteminin yaradılması, əhalinin reyestr xidmətinin formalaşdırılması, eləcə də beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsində qeyri-hökumət sektorunun rolu qeyd edilmişdir.

Tədbir iştirakçılarının diqqəti Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına və dövlətin bu həssas qrupa daxil olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə mütəmadi şəkildə həyata keçirdiyi genişmiqyaslı tədbirlərə cəlb edilmişdir.

Sessiyada ölkəmizin yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasının Komitə ilə qarşılıqlı dialoqa olan marağın göstəricisi olduğunu qeyd edən Komitə üzvləri Azərbaycan Hökumətinin Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə gördüyü məqsədyönlü işləri təqdir etmiş, təklif və tövsiyələrini bildirmişlər.

iacca
iap
business ready
eplc
Ən Tez