11-01-2017 | 04:02 954
Ədliyyə nazirinin müavini Azər Cəfərovun Avropa Şurası Katibliyinin hüquqi məsələlər və qanunun aliliyi üzrə direktoru Filip Buaya və siyasi məsələlər üzrə direktoru Aleksandr Qessel ilə görüşü olub.
Görüşdə Azərbaycan və Avropa Şurasının səmərəli əməkdaşlıq etdiyi vurğulanıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən demokratik hüquqi islahatlardan, insan hüquqlarının qorunması istiqamətində aparılan işlərdən, o cümlədən bu sahədə qəbul olunmuş Milli Fəaliyyət Planının icrası üzrə tədbirlərdən bəhs olunub.
Söhbət zamanı Avropa Şurası ilə səmərəli qarşılıqlı fəaliyyətdə məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi təqdir olunub, ölkəmizin Ədalət Mühakiməsinin Səmərəliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə əməkdaşlığından və bu qurumda uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib. Həmçinin, Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı il üzrə Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə mühüm layihələrin həyata keçirilməsi, ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə fəal əməkdaşlığı və birgə tədris tədbirlərinin təşkili barədə razılığın əldə olunması maraqla qarşılanıb.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib, insan hüquqlarının müdafiəsinin gücləndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, hakimliyə namizədlərin tədrisi, Avropa Məhkəməsinin qərarlarının icrası və presedentlərinin tətbiqi və digər mövzular üzrə müzakirələr aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç iştirak edib.