IMAGE

Ədliyyə işçiləri şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər

1990-cı il Qanlı 20 Yanvar faciəsindən 27 il ötür. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə əbədi həkk olunmuş bu dəhşətli hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim ehtiramla yad edir. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi həmvətənlərimizin həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirib.

Ümumxalq hüzn günündə ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin bütün struktur qurumlarında anma mərasimləri keçirilərək faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə bir daha nəzər salınıb.

Tədbirlərdə qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələrinin Bakıya daxil olaraq günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi bəşəriyyətin yeni tarixində ən qanlı səhifələrdən biridir. Baş vermiş bu dəhşətli hadisədən sonra Azərbaycan xalqı öz haqq səsini dünyaya çatdırmaq istəsə də, imperiya rəhbərliyi hər vəchlə bunun qarşısını almağa çalışmışdır.

Yığıncaqlarda faciənin ertəsi günü ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirməsi, Ulu Öndər tərəfindən 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilməsi xüsusilə vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqil dövlətimizin qüdrətlənməsi, bu tarixi gün barədə əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması üzrə məqsədyönlü addımların atıldığı, diqqət və qayğı ilə əhatə olunan şəhid ailələrinin və əlillərin sosial təminatının gücləndirildiyi qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.

Nazirlikdə Qanlı Yanvar faciəsi ilə bağlı kinozalda filmlər, foto-slaydlar nümayiş etdirilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez