IMAGE

Ədliyyə naziri Ucar rayonunda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 13-də ədliyyə naziri Fikrət Məmmədov Ucar rayonu Heydər Əliyev Mərkəzində Ucar, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı fevralın 10-da yeni qəbul olunmuş proqram xarakterli Sərəncamından irəli gələn vəzifələri müşavirə iştirakçılarının nəzərinə çatdırıb, sənədin insan hüquqlarının etibarlı təmin olunmasında müstəsna əhəmiyyətini qeyd edərək vaxtında, mütəşəkkil və dürüst icrası ilə bağlı konkret tapşırıqlar verib.

Müşavirədə, həmçinin dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması qeyd olunub.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez