IMAGE

Ədliyyə Nazirliyində görüş

Fevralın 17-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski və Komitənin digər təmsilçiləri ilə görüşüb.

Avropa Şurası və onun struktur qurumları ilə səmərəli əməkdaşlığı vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı çərçivəsində penitensiar sistemdə aparılan islahatlar, o cümlədən CPT-nin tövsiyələri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi, infrastrukturun müasirləşdirilməsi, saxlanma şəraitinin və tibbi təminatının yaxşılaşdırılması barədə məlumat verib.

Dövlət başçısı tərəfindən bu günlərdə cəza siyasətinin humanistləşdirilməsinə dair yeni proqram xarakterli Sərəncamın imzalandığını diqqətə çatdıran nazir bu mühüm sənədin müstəsna əhəmiyyətini qeyd edərək penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi üzrə strateji prioritetləri müəyyən etdiyini və artıq onun icrasına başlanıldığını vurğulayıb. Bildirilib ki, Sərəncama əsasən cəza-icra qanunvericiliyinin təkmilləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların səmərəliliyinin artırılması, o cümlədən Probasiya xidmətinin yaradılması, elektron nəzarət vasitələrinin tətbiqi və digər kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.

Ölkəmizlə əməkdaşlığın Avropa Komitəsi üçün prioritet olduğunu qeyd edən M.Qnatovski qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı niyyətini bildirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə tanış olduğunu söyləyərək onu yeni cəza siyasətinin əsas təməl daşı kimi dəyərləndirib, sənədin mahiyyətinin Komitənin məqsədləri ilə üst-üstə düşdüyünü, penitensiar sistemin daha da təkmilləşməsinə, məhkumların hüquqlarının etibarlı qorunmasına xidmət edəcəyini vurğulayıb.

CPT prezidenti Komitənin Azərbaycanla bağlı hesabatına toxunaraq əsas tərəfdaş olan Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyəti, CPT-nin ötən ilki monitorinqi zamanı verdiyi tövsiyələrin icrasına çevik reaksiya verilməsini və aşkar olunan çatışmazlıqların qısa müddətdə aradan qaldırılmasını müsbət qiymətləndirib.

Görüşdə, həmçinin həllini gözləyən problemlərə toxunulub, müəyyən təkliflər irəli sürülüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez