25-02-2017 | 04:02 1365
Ədliyyə Nazirliyində və struktur qurumlarda keçirilmiş anma mərasimlərində Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi əbədi həkk olunmuş Xocalı soyqırımından ətraflı bəhs olunub, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqlarda bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini yerlə yeksan edərək yüzlərlə dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulması, o cümlədən qadınların, uşaqların və qocaların xüsusi amansızlıqla qətlə yetirilməsi ilə törədilmiş soyqırımı aktı bəşəriyyət və insanlıq əleyhinə ən ağır hərbi cinayətdir.
Tədbirlərdə bu qanlı faciəyə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, Xocalı qətliamı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və soyqırımı aktı kimi tanınması üzrə məqsədyönlü addımların atıldığı vurğulanıb, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hərbi gücünün, iqtisadi potensialının möhkəmlənməsi qeyd olunaraq bu soyqırımı törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.
Nazirlikdə Xocalı soyqırımından bəhs edən Azərbaycan və ingilis dillərində çap olunmuş yeni toplular, habelə kinozalda filmlər, elektron məlumat lövhəsində sənədlərdən və foto materiallardan ibarət slaydlar nümayiş etdirilib.