06-03-2017 | 04:02 998
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir, bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə işə qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət siyasətinə uyğun olaraq gənclərin işlə təminatına xüsusi diqqət yetirilir. Son illər şəffaf seçimlər əsasında yüksək hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf 2200-dən çox gənc qulluğa qəbul olunub.
Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərində ixtisaslı kadrlara ehtiyac nəzərə alınaraq təhsil müəssisələri ilə səmərəli əlaqələr qurulub, o cümlədən Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində müvafiq olaraq penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır. Ötən dövrdə aparılmış şəffaf seçimlər nəticəsində 950 nəfərdən çox gənc Penitensiar xidmətdə, 380-ə yaxın mütəxəssis isə tibb xidmətinə qulluğa qəbul olunub.
Bu sahədə mövcud vakansiyaların operativ komplektləşdirilməsi məqsədilə şəffaflıq və aşkarlıq şəraitində müsahibələr keçirilir, namizədlərin müsabiqələrdə geniş iştiraka dəvət olunması məqsədilə ictimaiyyət ətraflı məlumatlandırılır, o cümlədən "ASAN Kadr" Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Davamlı olaraq keçirilən müsahibələr nəticəsində uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında zəruri peşə bilik və bacarıqlarına yiyələnmələri məqsədilə icbari təlimə cəlb olunublar.
Penitensiar xidmətin fəaliyyətin təkmilləşdirilməsinə, cəza siyasətinin humanistləşdirilməsinə və cəzaların icrası işinin müasir dövrün tələblərinə uyğun qurulmasına dair ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı bu sahədə həyata keçirilən islahatları yeni mərhələyə qaldırmaqla, nazirliyin qarşısında mühüm konkret vəzifələr müəyyən edilib, o cümlədən xidmətin layiqli kadrlarla formalaşdırılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi və fəaliyyətlərinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, habelə onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Bu günlərdə ədliyyə naziri Fikrət Məmmədovun keçirilmiş müsahibələr nəticəsində uğur qazanmış və icbari təlimdən müvəffəqiyyətlə keçərək penitensiar və tibb xidmətlərinə təyinat alan 70 gənc əməkdaşla görüşü keçirilib.
Gənclər əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.
Məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan geniş söhbət açan nazir dövlət başçısının bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrlə bağlı son Sərəncamı, habelə həmin xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərin işlərində məsuliyyətli olmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxış edən gənclər müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.
Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, aidiyyəti işçilərə xüsusi rütbələr verilib.