Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Ədliyyə Nazirliyinin kadr korpusunun şəffaf üsullarla yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil gənc mütəxəssislərlə komplektləşdirilməsi  istiqamətində ardıcıl tədbirlər görülür.

Hazırda Müsabiqə Komissiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq növbəti açıq müsabiqə elan edilir.

Müsabiqə üzrə vakant vəzifələr əsasən rayon (şəhər) icra və qeydiyyat qurumlarındadır.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün namizədin Nazirliyə müvafiq elektron ərizə ünvanlaması kifayətdir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Arzu edənlər 2017-ci ilin mart ayının 10-dan etibarən Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsinə daxil olmaqla şəxsiyyət vəsiqəsi əsasında elektron ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Bu zaman qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd  müsabiqənin gedişi və nəticələri barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edir.

Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

İmtahana hazırlıqla bağlı "Yaddaş kitabçası" Nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdiriləcək, habelə bu sənədlər yerli ədliyyə qurumlarına müraciət edənlərə təqdim olunacaqdır.

Bildirilir ki, builki müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Nazirliyin Ədliyyə Akademiyasında hazırlıq kursu təşkil ediləcəkdir.

Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcəkdir.

Nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallarla bağlı operativ informasiya almaq olar. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez