14-03-2017 | 04:02 541
Məlum olduğu kimi 10 fevral 2017-ci il tarixdə dövlət başçısı tərəfindən «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam imzalanmışdır.
Bununla əlaqədar ədliyyə naziri Fikrət Məmmədovla görüşüb, Sərəncamın qəbulundan ötən 1 ay ərzində görülən işlərlə bağlı fikirlərini bölüşdük.
- Fikrət müəllim, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 10 fevral 2017-ci il tarixli Sərəncamını ölkəmizdə həyata keçirilən hüquqi islahatların davamı kimi qiymətləndirmək olarmı?
- Məlum olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyev fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür. Həmçinin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması diqqətdən kənarda qalmamış, bu sahədə dövlət siyasətinin təzahürü olaraq həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında ayrıca qanun qəbul edilmiş, onların imtiyazları genişləndirilmiş, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılmasına xüsusi əhəmiyyət verilmişdir.
10 fevral 2017-ci il tarixli Sərəncam isə hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoymuşdur.
Sərəncamın məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqidir.
Möhtərəm Prezidentimizin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətinin növbəti təzahürü olan və proqram xarakteri daşıyan bu Sərəncam, eyni zamanda, strateji hədəfləri müəyyən etməklə məhkəmə, ədliyyə, prokurorluq və istintaq orqanları üçün bir "yol xəritəsi"dir.
Sərəncamda qarşıya qoyulmuş hər bir vəzifəni ətraflı təhlil edib onların vaxtında, mütəşəkkil və dürüst icrasını təmin etmək məqsədilə bu məsələ təxirəsalınmadan Ədliyyə Nazirliyi Kollegiyasının geniş iclasının müzakirəsinə çıxarılmış, konkret tədbirlər müəyyən edilmiş, elektron nəzarət vasitələrinin funksionallığına və tətbiqi qaydalarına dair prezentasiya keçirilmişdir.
Həmçinin Sərəncamdan irəli gələn vəzifələr Ali Məhkəmədə hakimlərin, dövlət ittihamçılarının və istintaq orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş müşavirədə müzakirə olunmuş, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin təcrübəli əməkdaşlarından ibarət işçi qrupu yaradılmışdır.
Qarşıda duran vəzifələrlə əlaqədar ədliyyə işçiləri və hakimlərlə yerlərdə mütəmadi müşavirələr keçirilərək, aidiyyəti tapşırıq və tövsiyələr verilir, sərəncamın humanist mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədilə nazirliyin rəhbərliyi və əməkdaşları tərəfindən əhatəli maarifləndirmə işləri aparılır.
Sərəncamın icrası ilə bağlı görülmüş tədbirlər barədə Nazirlik tərəfindən hər altı aydan bir ölkə Prezidentinə məlumat verilməsi isə hər birimizi səfərbər etməklə üzərimizə böyük məsuliyyət qoyur.
- Dövlət başçısının qeyd edilən sərəncamını ölkəmizdə humanizm siyasətinin davamı kimi də qəbul etmək olarmı?
- Şübhəsiz. Sərəncamın əsas məqsədlərindən biri məhz cəza siyasətinin humanistləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatıdır.
Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanizm siyasətinə sadiqlik dövlət idarəçiliyinin əsas prinsiplərindən birinə çevrilmişdir. Təkcə onu demək kifayətdir ki, möhtərəm Prezidentimizin ötən dövrdə imzaladığı qərarlarla 3.400-ə yaxın məhkum əfv edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış edilərək onun təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktının 40 minə yaxın insana şamil olunması cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə yenidən inteqrasiyasına xidmət etmişdir. Burada böyük məmnunluqla vurğulamaq istərdim ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması cəmiyyətdə böyük rəğbət və sevinc hissi doğurmuş, onun çoxşaxəli və əzmkar fəaliyyətinin ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verəcəyinə, o cümlədən insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına, elmin, təhsilin və səhiyyənin inkişafına hesablanmış mühüm layihələrin müvəffəqiyyətlə icrasına, humanizm, tolerantlıq ideya və prinsiplərinin, bu sahədə dövlət siyasətinin bundan sonra da uğurla inkişaf edəcəyinə qəti əminlik yaratmışdır.
Eyni zamanda, ölkə Prezidentinin təşəbbüsü ilə ötən il iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilmişdir. Ədliyyə Nazirliyi tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1400-dən çox məhkum barədə məhkəmələrə təqdimat göndərilmiş və onların bir çoxu cəza çəkməkdən azad edilmiş, yaxud cəza müddətləri azaldılmışdır.
Heç şübhəsiz dövlət başçısının yeni Sərəncamı da nəticə etibarilə məhkumların hüquqlarının etibarlı təminatına, bir sıra cinayətlərin dekriminallaşmasına, cəza siyasətinin humanistləşdirilməsinə, azadlıqdan məhrum etməyə alternativ cəzaların tətbiqinin genişlənməsinə şərait yaradacaqdır.
-Sərəncamda məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin geniş tətbiqi və azadlıqdan məhrum etmənin dinamikasının artmasının penitensiar müəssisələrin yüklənməsinə səbəb olduğu bildirilir, bununla bağlı zəruri tapşırıqlar nəzərdə tutulur. Bəs bu sahədə hazırda hansı işlər görülür?
- İlk növbədə qeyd etmək istərdim ki, yeni hüquq sisteminin fəaliyyət göstərdiyi 2000-ci ildən əhalinin 20%-dək artmasına baxmayaraq, bütövlükdə məhkumetmənin çoxalmaması ölkəmizdə ictimai təhlükəsizliyin və hüquq qaydasının təmin edilməsində önəmli nailiyyətdir. Lakin təəssüf ki, məhkumlar sırasında azadlıqdan məhrum olunanların sayı əvvəlki illərlə müqayisədə artmışdır.
Təhlillər göstərir ki, məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməsi penitensiar müəssisələrdə saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin sayının çoxalmasına və həmin müəssisələrin yüklənməsinə, ən əsası isə insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb olmuşdur.
Qeyd etmək istərdim ki, bir neçə il əvvəl həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək Plenumun müzakirəsinə çıxarılmış və əhatəli qərar qəbul edilmişdir. Həmçinin, məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, o cümlədən İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həbsə alternativ qətimkan tədbirlərinin geniş tətbiqi tövsiyə edilmişdir. Hətta bu sahədə kobud pozuntulara görə 30-dək hakim və prokurorluq işçisi ciddi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir. Məhkəmə-Hüquq Şurasının ötən ay keçirilmiş iclasında isə insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılmış, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi bildirilmişdir.
Lakin məhkəmə təcrübəsinin təhlili bu sahədə pozuntuların tam aradan qaldırılmadığını, habelə cəza siyasətinin dövlət başçısının humanizm prinsipləri ilə uzlaşmadığını göstərmişdir. Bununla əlaqədar Sərəncamda verilmiş tövsiyələrin icrası məqsədilə hazırda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi və bütövlükdə cəza siyasəti təhlil olunaraq ümumiləşdirilir və nəticələrin tezliklə geniş müzakirəsi nəzərdə tutulur.
Cənab Prezidentin humanizm dəyərlərindən irəli gələn tapşırıqlarından biri də cinayət qanunvericiliyinin yenidən nəzərdən keçirilməklə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə yeni qanun layihələrinin hazırlanmasıdır.
Bununla əlaqədar qanunvericiliyə bir sıra, o cümlədən iqtisadi sahədə törədilən cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması ilə bağlı, habelə, mövcud alternativ cəzaların, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının, həbsə alternativ olan qətimkan tədbirlərinin daha geniş tətbiqinə imkan verən dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Artıq Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmənin birgə işçi qrupu tərəfindən müvafiq qanunvericilik layihələri hazırlanır.
Onu da qeyd etmək lazımdır ki, sərəncamda nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanılmasının nəticəsidir ki, təkcə keçən ay ərzində 250-dən çox həbsdə olan şəxs qanunla müəyyən edilmiş qaydada istintaq təcridxanalarından azadlığa buraxılmışdır. Həmçinin istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı da xeyli azalmışdır. Hesab edirəm ki, bunlar sərəncamın məqsədi baxımından mühüm göstəricilərdir.
Sərəncamın əsas yeniliklərindən biri də cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir elektron nəzarət vasitələrindən istifadə ilə bağlıdır. Təbii ki, belə vasitələrin tətbiqi cəmiyyətdən təcrid edilmə ilə əlaqədar olmayan qətimkan tədbirlərinin və cəzaların daha geniş tətbiqinə şərait yaradacaqdır.
Qeyd etmək istərdim ki, elektron nəzarət üsullarından ən geniş yayılanı "elektron qolbaq" qurğusudur. Bu qolbaq həbslə bağlı olmayan cəzanın çəkildiyi, yaxud qətimkan tədbirinin seçildiyi müddət ərzində şəxsin qoluna bərkidilir və texniki vasitələrlə onun coğrafi yeri müəyyən edilir. Bunun ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təcrübə öyrənilmiş, "elektron qolbaq"ların müxtəlif nümunələrinin təqdimatı keçirilmişdir. Artıq dövlət başçısının tapşırıqlarına uyğun olaraq qeyd edilən məsələ üzrə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi üçün Baş Prokurorluqla birlikdə müvafiq təkliflər hazırlanmışdır.
-Sərəncamın müəyyən etdiyi mühüm yeniliklərdən biri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasıdır. Ölkəmiz üçün yeni olan bu institut haqqında qısa məlumat və onun tətbiqi ilə bağlı görülən işlər xüsusilə maraqlı olardı.
- Beynəlxalq təcrübədə probasiya institutu azadlıqdan məhrum edilməyən məhkumların, yaxud həbs olunmamış təqsirləndirilən şəxslərin müəyyən müddətə xüsusi orqanın nəzarətinə verilməsini nəzərdə tutur. Bu institutun geniş tətbiqi təbii ki, məhkumların cəzaçəkmə müəssisəsindən kənar, bilavasitə cəmiyyətdə islahına şərait yaradır. Probasiya əsasən anqlosakson hüquq sisteminə malik olan ölkələrdə daha geniş yayılmışdır. Həmin ölkələrdə məhkəmələr probasiya rejiminin seçilməsinin mümkünlüyü haqqında qərar qəbul edərək, məhkumu müəyyən müddətə onun davranışına nəzarət edəcək Probasiya xidməti əməkdaşının müşahidəsi altına verir.
Müxtəlif dövlətlərdə probasiya rejiminin müddətləri əsasən 6 aydan 10 ilə qədər dəyişir. Bu müddət ərzində həmin məhkumlar məhkəmənin qərarında nəzərdə tutulmuş şərtlər daxilində müəyyən olunmuş qaydalara riayət etməyə borcludurlar.
Əks təqdirdə probasiya əməkdaşının məhkəməyə müraciəti əsasında müəyyən edilmiş şərtlər dəyişdirilə bilər. Yaxud əgər probasiya əməkdaşının məhkum barədə müşahidələri islah yönümündə olarsa, o zaman məhkəmə probasiyanın tamamilə ləğv olunması və ya sınaq müddətinin azaldılması ilə bağlı qərar qəbul edə bilər.
Probasiya rejiminin tətbiqi əməlin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən də asılıdır. Probasiyanın maraqlı tərəflərindən biri də ondan ibarətdir ki, o, bir sıra ölkələrdə əsas cəza kimi də təyin edilir.
Son illər Avropada həbs yerlərində saxlanılan şəxslərin sayının artması ilə əlaqədar bu xidmətin yaradılması üzrə səylər artırılmış və Avropa Şurasının Nazirlər Komitəsi onun təşkili məqsədilə 20 yanvar 2010-ci il tarixdə "Probasiya qaydaları haqqında" Tövsiyə qəbul etmişdir.
Hazırda Ədliyyə Nazirliyi tərəfindən Avropa İttifaqı ilə birgə həyata keçirilən ədliyyə sisteminin inkişafına dəstək layihəsi çərçivəsində ölkəmizdə Probasiya xidmətinin əsasları, əməkdaşlar üçün təlim kurslarının keçirilməsi, məhkumlar üzərində elektron monitorinqin tətbiqi ilə bağlı pilot layihələr hazırlanır.
Bu sahədə beynəlxalq təcrübədən yararlanmaq məqsədilə əməkdaşlarımız dünyada mövcud modellərlə tanış olmaq üçün xarici ölkələrə ezam edilmişlər. Gürcüstanın ədliyyə nazirinin ötən ay Azərbaycana səfəri zamanı həmin ölkənin probasiya xidməti və "elektron qolbaq"ın tətbiqi ilə bağlı müzakirələr keçirilmiş və bu təcrübə ilə tanış olmaq məqsədilə nümayəndə heyətimiz təxirəsalınmadan Gürcüstana səfər etmişdir. Bundan əvvəl isə Türkiyənin bu sahədə təcrübəsi tərəfimizdən yerində öyrənilmişdir.
Bu xidmətin ölkəmizdə təşkili ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq artıq konkret təkliflər paketi hazırlanmışdır.
Həmçinin, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü kimi ictimai işlər cazasının əhəmiyyətinin artırılması baxımından Sərəncamda mühüm tapşırıqlar nəzərdə tutulmuşdur. Bununla əlaqədar nazirlik tərəfindən zəruri tədbirlər görülür, o cümlədən məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi hazırlanır. Hesab edirəm ki, yeni yaradılacaq probasiya xidməti də bu sahədə problemlərin aradan qaldırılmasında və həmin cəzanın islahedici təsirinin artırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Eyni zamanda mediasiya institutundan, yəni mübahisələrin məhkəmədənkənar alternativ həlli üsullarından da geniş istifadə olunması nəzərdə tutulur.
- Mediasiyanın tətbiqi də ölkəmiz üçün mühüm yeniliklərdən ola bilər. Bu institut barədə bir qədər geniş məlumat verməyinizi istərdik.
Mülki xarakterli mübahisələrin həllində mühüm vasitə olan mediasiya institutu həm də cinayət-hüquqi xarakterli münaqişələrin alternativ, məhkəmədən kənar həlli məqsədi daşıyır. Həmin institut hazırda bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur.
Mediasiya prosesində təqsirləndirilən şəxs və ya məhkumla zərərçəkmiş arasında məhkəməyəqədər və ya məhkəmədən sonra barışıq əldə olunarsa, təqsirləndirilən şəxsin və ya məhkumun üzərinə müxtəlif xarakterli, o cümlədən vurulan maddi və ya mənəvi ziyanın ödənilməsi, üzr istənilməsi, yardım göstərilməsi və s. öhdəliklər qoyulmaqla o, cəzadan azad edilə bilər.
Bütün dünyada mütərəqqi institut kimi mediasiyanın tətbiqi təşviq edilir, bu məqsədilə Avropa Şurası tərəfindən hələ 1999-cu ildə "Cinayət işlərində mediasiyaya dair" Tövsiyə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən isə 2002-ci ildə "Cinayət mühakiməsi prosesində bərpaedici ədliyyə proqramlarının tətbiqinin əsas prinsipləri" qəbul olunmuşdur.
Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olmuş, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılmış, o cümlədən beynəlxalq təcrübə öyrənilmiş və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanmışdır.
Dövlət başçısının ötən ilin dekabrında təsdiq etdiyi "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaqdır.
- Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair görülməli konkret və əhatəli tədbirlər müəyyən edilmişdir. Yəqin ki, həmin tapşırıqların icrası bu sahədə aparılan islahatları daha da sürətləndirəcəkdir.
- Elədir. Penitensiar sahədə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması dövlət başçısının daim diqqət mərkəzində olmuşdur.
Bununla əlaqədar Sərəncamda bu sahədə fəaliyyətin müasirləşməsi, infrastrukturun yenilənməsi, məhkumların saxlanma şəraitinə nəzarətin gücləndirilməsi, istehsal sahələrinin genişlənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, müəssisələrin etibarlı mühafizəsinin təşkili, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması və s. ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Sərəncamda qoyulmuş məsələləri nüfuzlu beynəlxalq qurumlar da təqdir etmişdir. Bu yaxınlarda respublikamıza səfər etmiş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovski Azərbaycan Prezidentinin Sərəncamını yeni cəza siyasətinin əsas təməl daşı kimi dəyərləndirmiş, sənədin mahiyyətinin Komitənin məqsədləri ilə üst-üstə düşdüyünü, onun penitensiar sistemin təkmilləşməsinə, məhkumların hüquqlarının etibarlı qorunmasına xidmət edəcəyini vurğulamışdır.
Məhkumların hüquqlarının təmin edilməsini daim prioritet hesab edən dövlətimizin başçısı hələ 2009-cu ildə Zabrat qəsəbəsində beynəlxalq tələblərə uyğun inşa olunmuş Bakı istintaq təcridxanasına baş çəkərək yaradılmış şəraitlə tanış olmuş, bu sahədə tədbirlərin davam etdirilməsi ilə bağlı zəruri göstərişlər vermişdir.
Bununla əlaqədar təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri məqsədilə bölgələrdə penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülmüş, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunaraq istifadəyə verilmişdir. Hazırda Gəncə və Lənkəran şəhərlərində, habelə Bakının Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan, Umbakıda isə ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanılması üçün belə müəssisələrin tikintisi aparılır.
Son illər məhkumlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülmüş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıqda bu sahədə, o cümlədən məhkumlar arasında vərəmlə mübarizədə digər dövlətlərə örnək olan yüksək nailiyyətlər qazanılmışdır. Təsadüfi deyil ki, son 20 ildə məhkumlar arasında ölüm halları xeyli, vərəmdən ölüm isə 100 dəfə azalmışdır. Bununla yanaşı penitensiar müəssisələrdə tibb xidmətinin yaxşılaşdırılması və məhkumların sağlamlığının qorunması ilə bağlı qarşımızda əlavə mühüm vəzifələr qoyulmuş, bununla əlaqədar konkret tədbirlər müəyyən olunaraq həyata keçirilməyə başlanılmışdır.
Həmçinin, Avropa İttifaqı ilə Ədliyyə Nazirliyinin birgə həyata keçirdiyi "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı çərçivəsində məhkumların əməyə daha geniş cəlb edilməsinə xüsusi diqqət ayrılmışdır. Layihə çərçivəsində artıq bir sıra cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələri yaradılmış, bəzi mövcud istehsalat və fərdi əmək sahələri dəzgah və alətlərlə yenilənmiş, müxtəlif avadanlıqlar alınaraq müəssisələrə verilmişdir. Nəticədə 2016-cı il ərzində cəzaçəkmə müəssisələrində əməyə cəlb olunanların sayı artaraq 5.400-ü ötmüşdür. Bir müddət əvvəl isə ictimaiyyət nümayəndələrini, habelə iş adamlarını cəlb etməklə məhkumların istehsal etdikləri məhsullar, onların əl işləri ilə bağlı sərgilər təşkil olunmuşdur. Belə tədbirlərin keçirilməsi də əhəmiyyətlidir. Bu, həm də məhkumların məşğulluğunun artırılmasına, cinayətlə vurulmuş ziyanın ödənilməsinə, onların zərərli vərdişlərə meyl etməkdən çəkindirilməsinə xidmət edir.
Lakin təbii ki, bu sahədə görülən işlər heç də kifayət deyil. Dövlət başçısının mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb olunması ilə bağlı tapşırıqları qarşımızda yeni prioritetlər qoymuşdur. Hazırda aidiyyəti qurumlarla sıx əlaqələr qurmaq və yeni yanaşmalar tətbiq etməklə bu sahədə köklü dəyişikliklərə nail olmaq üçün tədbirlər hazırlanır.
Fəaliyyətdə müsbət nəticələr əldə edilməsi düzgün kadr siyasətinin aparılmasından da çox asılıdır. Penitensiar xidmətin hazırlıqlı və mənəvi cəhətdən saf gənc kadrlar hesabına komplektləşdirilməsi məqsədi ilə mütəmadi olaraq qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, həmçinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyası ilə bağlanılmış müqaviləyə əsasən Akademiyada Penitensiar xidmət üçün mütəxəssislər hazırlanaraq nazirliyin sərəncamına göndərilir.
Son illər 950 nəfərdən çox mütəxəssis Penitensiar xidmətdə qulluğa qəbul olunmuşdur. Bu günlərdə isə növbəti böyük bir qrup gənc mütəxəssislərin təyinatı həyata keçirilmişdir. Gənc əməkdaşların hazırlıq səviyyəsinin artırılması məqsədilə onların Ədliyyə Akademiyasında təlimlərə, ixtisasartırma kurslarına cəlb olunmasına böyük önəm verilir, habelə gənclərin hərtərəfli, o cümlədən mənəvi-estetik dünyagörüşünün inkişafı məqsədilə müvafiq mədəni tədbirlər təşkil olunur.
Bununla belə penitensiar xidmətdə vəzifələrə təyinatın daha çevik və qısa müddətdə aparılması, əməkdaşların bilik, bacarıq və praktiki vərdişlərinin inkişaf etdirilməsi, işçilərin fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlər müəyyən edilmiş, aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilmişdir.
Cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsi də mühüm əhəmiyyət kəsb edən sahə olmaqla, nizam-intizamın, rejimin, təhlükəsizliyin təmin olunmasına mühüm təsir göstərir. Sərəncamda verilmiş tapşırıqlara uyğun olaraq penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsi bu sahədə işin keyfiyyətinin artırılmasına zəruri töhfə verəcəkdir.
Həmçinin, "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminin təşkili ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası qarşımızda duran əsas vəzifələrdəndir. Bununla əlaqədar hazırda Penitensiar xidmətdə mövcud elektron baza sisteminin genişləndirilməsi üzrə işlər aparılır və bu zaman cəzaları icra edən orqan və müəssisələr arasında real vaxt rejimində qarşılıqlı məlumat mübadiləsinin təmin olunmasına, belə sistemlərlə bağlı qabaqcıl beynəlxalq təşkilatların müəyyən etdiyi meyarların tətbiqinə xüsusi diqqət yetirilir.
Bununla yanaşı, sərəncamda məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Dövlət başçısının tapşırıqlarının icrası və bu sahədə köklü dəyişikliklərə nail olunması üçün təsirli tədbirlər müəyyən olunaraq təxirəsalınmadan zəruri işlərin görülməsinə başlanılmışdır.
-Sərəncamda məhkumların cəzadan vaxtından əvvəl azad etmə institutunun geniş tətbiqi ilə bağlı məsələ qaldırılmışdır. Bu barədə nə deyə bilərsiniz?
- Məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması cəza icra siyasətində ən mühüm institutlardan biridir.
Təbii ki, burada məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi, onun davranışı, əməyə münasibəti və barəsində cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi əsas amillərdir. Bununla əlaqədar Ali Məhkəmə tərəfindən vaxtilə məhkəmə təcrübəsi ümumiləşdirilərək əhatəli Qərar qəbul olunmuş, məhkəmələrdə bu xarakterli müraciətlərə baxılarkən qanunun tələblərinə ciddi əməl olunması, hər məhkuma fərdi yanaşılması, eyni zamanda, qərar qəbul edildikdən sonra həmin qərarın təxirəsalınmadan icrası və digər mühüm məsələlər önə çəkilmişdir.
Həmçinin, Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə kobud qanun pozuntularına yol verən hakimlər barəsində ciddi intizam tədbirləri görülmüşdür.
Bu institutun tətbiqində neqativ halların aradan qaldırılması, kollegiallığın, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə 2013-cü ildə Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq müdafiəçilərindən ibarət xüsusi Komissiya yaradılmışdır.
Komissiya tərəfindən ötən dövrdə 7 mindən çox məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinmiş, məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilmişdir. Şərti azad olunmuş şəxslər tərəfindən yenidən cinayət törətmə hallarının minimum olması, bu prosesin obyektivliyinə və həmin məhkumların həqiqi islah yolunda olmasına dəlalət etmişdir.
Komissiyanın fəaliyyətində şəffaflığın maksimum təmin olunması məqsədilə onun iclaslarına məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsindən də istifadə olunur. Bu prosesdə ədliyyə naziri yanında fəaliyyət göstərən nüfuzlu hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət təşkil edilmiş İctimai Komitənin də töhfələri xüsusi qeyd olunmalıdır.
Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu sahədə işin səmərəliliyinin artırılması, şəffaflığın tam təmin olunması üzrə əlavə tədbirlər görülür, şərti azadetmə institutunun təsiri altına düşən bütün məhkumların dairəsi müəyyən edilir. Məhkum kollektivləri ilə tərbiyəvi-maarifləndirmə tədbirləri keçirilərək onlara rejim qaydalarına dönmədən riayət edərlərsə, islah prosesinə, ictimai tədbirlərə fəal qatılarlarsa, nəhayət nümunəvi davranış nümayiş etdirərlərsə vaxtından əvvəl azad olunmağa layiq bilinəcəkləri izah olunur.
Yeri gəlmişkən onu da qeyd etmək istərdim ki, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin hüquqlarının təmin olunması da diqqətdən kənarda qalmır, bu cəza növünün tətbiqi təcrübəsi təhlil edilir, onun icrası mexanizmlərinin təkmilləşdirilməsi imkanları nəzərdən keçirilir.
Sözsüz ki, qeyd edilən humanist tədbirlərin tətbiqi məhkumların ailələrinə və yaxınlarına sevinc hissləri bəxş etməklə yanaşı, digər məhkumların da islahına stimul yaradır, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq etməklə, haqqa və ədalətə inamını artırır.
Məhkumların azad cəmiyyətə tamhüquqlu üzv kimi qayıdışı da dövlətimizin daim diqqətində saxlanılır. 2007-ci ildə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" ayrıca qanun qəbul olunmuşdur və belə şəxslər üçün hazırda Sosial Adaptasiya Mərkəzi inşa edilir.
- Fikrət müəllim, sərəncamın icrasının başa çatması nə vaxta gözlənilir?
Şübhəsiz ki, qarşıda qoyulmuş hər bir konkret vəzifə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq qısa müddətdə həllini tapacaqdır.
Eyni zamanda əvvəldə də dediyim kimi, bu sərəncam bizim üçün həm də strateji hədəfləri müəyyən edən "yol xəritəsi" rolunu oynayır və qeyd edilən sahələrdə gələcək fəaliyyətimizin əsasını təşkil edir.
Əminik ki, dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin mütəşəkkil qaydada, vaxtında və dürüst icrası cəza siyasətinin humanistləşdirilməsinə, məhkumların hüquqlarının daha etibarlı qorunmasına xidmət etməklə, bu sahədə aparılan islahatların yeni mərhələdə davam etdirilməsinə təkan verəcəkdir.
- Bizə vaxt ayırdığınıza və oxucularımızla dəyərli fikirlərinizi bölüşdüyünüzə görə Sizə təşəkkür edirik.