IMAGE

Ədliyyə naziri Beyləqan rayonunda vətəndaşları qəbul edib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Martın 29-da ədliyyə naziri Fikrət Məmmədov Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, ədliyyə və məhkəmə islahatlarına toxunaraq bölgəyə səfər zamanı İmişlidə rayon məhkəməsinin yeni müasir binasının istifadəyə verildiyini söyləyib.

Müşavirədə ölkə Prezidentinin ötən ay imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyəti vurğulanıb, vətəndaşların azadlıq hüququnun qorunmasına xidmət edən azadlıqdan məhrumetməyə alternativ qətimkan tədbirlərinin və cəzaların tətbiqinin genişləndirilməsi, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunaraq aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb. 

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez