06-04-2017 | 04:02 1161
Azərbaycan və İndoneziya arasında əlaqələrin uğurla inkişafı çərçivəsində hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. İndoneziyanın hüquq və insan haqları naziri Yasonna H.Laolinin respublikamızda yolüstü səfərdə olarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşü keçirilib.
İndoneziyalı nazir görüşdə ölkəsində hüquq sistemində islahatların aparıldığı nəzərə alınaraq qabaqcıl təcrübələri öyrəndiklərini bildirib, Azərbaycanda da bu sahədə görülən işlərə maraq göstərib.
Nazir müavini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən hüquq təsisatlarına müraciət imkanlarının asanlaşdırılması, elektron xidmətlərin və ictimai iştirakçılığın tətbiqi, xüsusilə Azərbaycan brendi olan və vətəndaş məmnunluğunu təmin edən "ASAN xidmət"in səmərəli fəaliyyəti barədə ətraflı məlumat verib. Qonağa islahatlara dair ingilis dilində broşürlər təqdim olunub.
Ölkəmizin bu sahədə nailiyyətlərini məmnunluqla qarşılayan nazir Yasonna H.Laoli müsbət təcrübəmizin İndoneziya üçün faydalı olduğunu vurğulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək əlaqələrin genişləndirilməsinə hazır olduğunu bildirib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub, ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı konkret təkliflər irəli sürülüb.
Tədbirdə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani iştirak edib.