IMAGE

Notariat sahəsində beynəlxalq əlaqələr genişlənir

Aprelin 6-7-də Bakıda "Hilton" mehmanxanasında Ədliyyə Nazirliyinin, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Kil Universitetinin birgə təşkilatçılığı ilə "Xarici elementli vərəsəlik işlərində notariusların iştirakı" mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbirdə Rusiya Federal Notariat Palatasının prezidenti Konstantin Korsik və bəzi regional palataların rəhbərləri, Kil Universitetinin alimləri, nazirliyin və Ədliyyə Akademiyasının nümayəndələri, üç ölkənin notariusları iştirak ediblər.

Seminarda mülki hüququn mühüm sahələrindən biri olan vərəsəlik institutunun müxtəlif ölkələrdə tətbiqinin xüsusiyyətləri, elektron notariat informasiya sistemləri barədə ətraflı məlumat verilib, təqdimatlar keçirilib. Azərbaycanın bu sahədə müsbət təcrübəsinə böyük maraq göstərilib.

Səfər çərçivəsində Rusiya nümayəndə heyətinin ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşü keçirilib.

Görüşdə bu günlərdə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünün qeyd olunduğu vurğulanaraq ötən dövrdə əlaqələrimizin xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib, bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Nazir müavini T.Musayev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ədliyyə sisteminin, o cümlədən notariat orqanlarının müasirləşdirilməsi üzrə aparılan islahatlar, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariat institutunun və elektron notariatın inkişafı barədə məlumat verib.

Rusiya Federal Notariat Palatasının prezidenti səfər zamanı respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, notariat institutunun inkişafı üzrə əldə edilmiş nailiyyətlərə böyük maraq göstərərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd edib.

Söhbət zamanı qarşılıqlı fəaliyyətin perspektivləri və maraq doğuran məsələlər müzakirə olunub.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Azərbaycan brendi olan və ədliyyənin də müxtəlif xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzinin vətəndaş məmnunluğunu təmin edən innovativ fəaliyyəti ilə yaxından tanış olub.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez