18-04-2017 | 04:02 1245
Azərbaycanda səfərdə olan BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin üzvü, beynəlxalq ekspert xanım Pramila Pattenin aprelin 18-də ədliyyə nazirinin müavini Toğrul Musayev ilə görüşü olub.
Ölkəmizin BMT və onun strukturları ilə səmərəli əməkdaşlığını qeyd edən nazir müavini xanım P.Pattenlə əvvəlki görüşünü xatırladıb, Azərbaycanda Avropa dəyərləri, həmçinin Şərqin mütərəqqi ənənələri əsasında məqsədyönlü gender siyasətinin həyata keçirildiyini, qadınların ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəal iştirakını vurğulayıb, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə görülən tədbirlərdən və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən, habelə BMT-nin müvafiq Konvensiyası üzrə tövsiyələrin icrasından bəhs edib. Həmçinin insan haqlarının, o cümlədən qadın hüquqlarının qorunmasında ədalət mühakiməsinin rolu qeyd olunaraq ədliyyəyə çıxış imkanlarının asanlaşdırılması üzrə görülən işlər barədə məlumat verilib.
Respublikamıza növbəti dəfə səfərindən məmnunluğunu ifadə edən qonaq Komitənin üzvü kimi ölkəmizlə uzun müddətdir faydalı əməkdaşlıq etdiyini, Azərbaycan Hökumətinin beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə hər zaman həssas münasibət göstərdiyini vurğulayıb, gender siyasəti üzrə həyata keçirilən davamlı tədbirlərin, bu sahədə əldə edilən nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edib. O, məişət zorakılığının qarşısının alınması sahəsində yeni mexanizmlərin hazırlanması ilə bağlı tövsiyələri diqqətə çatdırıb.
P.Patten ölkəmizin məhkəmə-hüquq sistemindəki nailiyyətlərini, o cümlədən elektron məhkəmənin tətbiqini və ədliyyə infrastrukturunun müasirləşdirilməsini yüksək qiymətləndirib, gələcəkdə də əməkdaşlığa hazır olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.