IMAGE

Ulu öndər Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında geniş qeyd olunub

Dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması, o cümlədən müasir hüquq sistemimizin formalaşması, inkişafı və Ədliyyə Nazirliyinin təşəkkülü bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə nazirlikdə silsilə tədbirlər təşkil edilib, o cümlədən bir qrup gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, Heydər Əliyev muzeyində gənc əməkdaşlarla görüş keçirilib, ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşularaq fəallıq nümayiş etdiriblər. Həmçinin, ədliyyə işçiləri və hakimlər tərəfindən mətbuatda çıxışlar edilib, nazirliyin kinozalında Ümummilli Liderə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib.

Ədliyyə işçiləri mayın 10-da Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əbədi ehtiramlarını bildiriblər. Sonra Ədliyyə Nazirliyində Ümummilli Liderin doğum gününə həsr olunmuş mərasim keçirilib. Əvvəlcə əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, əziz və işıqlı xatirəsi yad edilib.

Mərasimdə dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən bəhs olunub. Tədbirdə iştirak edən Ümummilli Lider irsinin tədqiqatçısı, "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşüb, zəngin dövlətçilik irsindən söhbət açıb. Bildirib ki, Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu danılmazdır. Ümummilli Lider haqqında yazdığı kitabı haqqında ətraflı məlumat verən E.Axundova eyni zamanda bu günlərdə Moskvada işıq üzü görmüş Heydər Əliyevə həsr olunan yeni üçcildliyi təqdim edib. Müəllifi olduğu "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" yeni əsəri barədə də bəhs edərək, ölkə Prezidenti cənab İlham Əliyevin öz xalqının əsl liderinə və müasir dövrün ən parlaq siyasi xadimlərindən birinə çevirən şəxsi keyfiyyətlərini vurğulayıb.

Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, respublikamızın məhkəmə-hüquq sisteminin, o cümlədən ədliyyə orqanlarının inkişafına qayğısından danışıb, Heydər Əliyev irsinin öyrənilməsində, həmçinin Azərbaycan və onun rəhbərindən bəhs edən bu əsərlərin gələcək nəsillərə dəyərli töhfə olduğunu bildirib.

Nazir Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün ölkəmizin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli davamlı tərəqqisini, təhlükəsizliyinin etibarlı qorunduğunu vurğulayıb, mötəbər beynəlxalq humanitar, mədəni forumlara, idman yarışlarına, o cümlədən bu günlərdə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın dünyada rolunun və nüfuzunun günbəgün artdığını qeyd edib.

Çıxış edən ədliyyə işçiləri Ümummilli Liderin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib, dahi rəhbərin milli özünüdərkin formalaşmasında əvəzsiz rolunu vurğulayıb, onun dövlətçilik prinsiplərinə daim sadiq qalaraq, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində ölkə Prezidentinə layiqli yardımçı olacaqlarını bildiriblər.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez