12-06-2017 | 04:02 1725
İyunun 12-də ədliyyə naziri Fikrət Məmmədov respublikamızda səfərdə olan Bolqarıstanın Baş prokuroru Sotir Tsatsarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin dərinləşməsində dövlət başçılarının xüsusi rolu və qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti vurğulanıb. Həmçinin ölkələrimizin zəngin müqavilə bazasına söykənən hüquqi sahədə əməkdaşlığına toxunularaq qarşılıqlı fəaliyyətin perspektivləri, hər iki dövlətdə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə fikir mübadiləsi aparılıb.
Nazir 2012-ci ildə Bolqarıstana edilmiş ikitərəfli məhsuldar səfərini və keçirilmiş görüşlərini, ötən il isə Sofiyada Avropa ədliyyə nazirlərinin konfransında iştirakını xatırladıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi baxımından Şuranın səlahiyyətlərinin genişləndirilməsi, hakimlərin ən şəffaf seçimi və tədrisi, elektron məhkəmənin tətbiqi, infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.
Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən qonaq Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib, Azərbaycan Prezidentinin siyasi iradəsi ilə respublikamızın, o cümlədən paytaxt Bakının sürətli tərəqqisini təqdir edib. S.Tsatsarov ölkəmizin məhkəmə-hüquq sistemindəki nailiyyətlərini maraqla qarşılayaraq, öz ölkəsində bu sahədə islahatların aparıldığını söyləyib, Azərbaycanın bir çox sahələrdə müsbət təcrübəsinin Bolqarıstan üçün faydasını vurğulayıb.
Söhbət zamanı inzibati ədliyyənin fəaliyyəti, hakimliyə namizədlərin tədrisi, probasiya institutunun tətbiqi, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Kamran Əliyev iştirak ediblər.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.