09-06-2017 | 04:02 1057
İyunun 9-da ədliyyə nazirinin müavini Azər Cəfərovun Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşü olub.
Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında hüquqi sahədə səmərəli əməkdaşlığın davam etdirildiyi qeyd olunaraq birgə layihələrin həyata keçirildiyi bildirilib, ölkəmiz üçün yeni olan mediasiya institutunun yaradılması ilə bağlı fikir mübadiləsi aparılaraq bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasını, hakimlərin sayının iki dəfə artırılmasını vurğulayıb, son illər əhalinin məhkəmələrə inamının yüksəlməsinin təzahürü olaraq hakimlərin iş yükünün kəskin çoxalmasını qeyd edərək mübahisələrin məhkəmədən kənar alternativ həlli məqsədilə mediasiya institutunun tətbiqinin vacibliyini bildirib.
Xanım M.Mard Avropa İttifaqı üzv ölkələrində bu təcrübədən geniş istifadə olunduğunu söyləyib, mediasiyanın vətəndaşlar üçün üstünlüklərindən danışaraq Azərbaycanda da belə bir institutun yaradılmasının mübahisələrin daha operativ həllində, hakimlərin iş yükünün azaldılmasında müstəsna əhəmiyyətini qeyd edib, bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Görüşdə mediasiya sahəsində birgə layihənin həyata keçirilməsinə dair razılığa gəlinərək əməkdaşlıq edilə bilən sahələr, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, mediatorların hazırlanması, əhalinin maarifləndirilməsi və s. ilə bağlı təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.