29-06-2017 | 04:02 920
İyunun 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
İclasda ümummilli lider Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunması vurğulanıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətlər qeyd olunub.
Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın və məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması üzrə məqsədyönlü tədbirlər görülür, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, o cümlədən təzəlikcə daha iki yeni qanun qəbul olunub.
Həmçinin, məhkəmə infrastrukturun təkmilləşdirilməsi üzrə Dünya Bankı ilə birgə, habelə dövlət büdcəsi hesabına tədbirlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni müasir binalar inşa olunur. Ötən həftə Dünya Bankı ilə birgə layihə çərçivəsində inşa olunmuş Nərimanov Rayon Məhkəməsinin yeni müasir binasının ölkə Prezidentinin şəxsən açılışını etməsi hər bir məhkəmə və ədliyyə işçisi tərəfindən yüksək iftixar hissi ilə qarşılanıb.
Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər, o cümlədən ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının tətbiqi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.
Hazırda bu sahədə islahatlar davam olunur, hakimliyə namizədlərin seçimi aparılaraq tədrisi həyata keçirilir, hakimlərin fəaliyyəti qiymətləndirilir, məhkəmələrdə iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir, mövcud mexanizmlər və qanunvericilik təkmilləşdirilir, vətəndaşlara elektron xidmətlərin göstərilməsi üzrə davamlı tədbirlər görülür. Kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş prezentasiya nümayiş etdirilib.
İclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ötən dövründə görülmüş işlər müzakirə olunub, açıq hökumətin təşviqi, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, informasiya-kommunikasiya texnologiyaları sahəsində, məhkumların hüquqlarının təmin olunması, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd olunub.
Eyni zamanda növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə tədbirlərin davam etdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, hüquqi aktların layihələrinin ekspertizasının təkmilləşdirilməsi, ədliyyə orqanlarında şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, elektron sənəd dövriyyəsinin tam təmin olunması, Ədliyyə Akademiyasının elmi fəaliyyətinin genişləndirilməsi, kadr işinin təkmilləşdirilməsi və digər konkret tədbirlər müəyyən edilib.
İclasda həmçinin, məhkəmə ekspertizası fəaliyyətinə dair hesabat əyani təqdimatla müşayiət olunmaqla dinlənilib. Qeyd olunub ki, ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Məhkəmə ekspertizası mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib, yeni növ ekspertizaların aparılmasına və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda məhkəmə-istintaq orqanlarına köməklik və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədi ilə Mərkəzin Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb.
Təkcə ötən il ərzində Mərkəzə 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 %-ni həll ediblər. Həmçinin, ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına 110-dək metodik məsləhət, habelə cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısının alınması üçün 900-dən çox profilaktik tövsiyə verilib, 30 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb və 7 metodik vəsait hazırlanıb.
Həmçinin, ekspertiza sahəsində beynəlxalq əlaqələr genişlənib, Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSI) üzv qəbul edilib. Ötən il dövlət başçısının Türkiyəyə səfəri zamanı məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb, Sazişin implementasiyası çərçivəsində Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndə heyəti bu ayın əvvəlində Azərbaycana səfər edərək, ölkəmizin təcrübəsi ilə tanış olublar.
Kollegiyada bu sahədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən ekspertiza tədqiqatlarının keyfiyyətinin və mötəbərliyinin artırılması, yeni ekspertiza növlərinin tətbiqi, habelə mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat işinin səmərəliliyinin yüksəldilməsi, kadr potensialının möhkəmləndirilməsi, mövcud vakansiyaların doldurulması və s. ilə bağlı aidiyyəti tapşırıqlar verilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.