IMAGE

Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib

Bu günlərdə Estoniyanın Avropa İttifaqında sədrliyi çərçivəsində Tallin şəhərində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin görüşü keçirilib.

Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə daxili işlər nazirinin müavini İsmət Əliyev də daxil olunub.

Avropa İttifaqının yüksək rəsmiləri, üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələri nazirlərinin iştirakı ilə keçirilən görüşdə kibercinayətkarlığa və korrupsiyaya qarşı mübarizə kimi aktual məsələlər, bu sahədə aparılan islahatlar və müsbət təcrübələr müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov kibercinayətkarlıqla mübarizədə ölkəmizin təcrübəsi, o cümlədən qanunvericilik və institusional tədbirlərlə bölüşüb, transmilli xarakter daşıyan bu kimi cinayətlərlə mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Kiber hücumların tamahla yanaşı, bir çox hallarda siyasi məqsədlər daşımasının daha böyük təhlükə doğurduğunu qeyd edərək, Azərbaycanın da bundan əziyyət çəkdiyini və erməni hakerlərinin hücumları ilə qarşılaşdığını bildirib.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən nazir dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan qəti mübarizə tədbirləri, Azərbaycan brendi olan və 16 milyon müraciət edənlərin bəhrələndiyi "ASAN xidmət"in yüksək vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti, habelə Baş prokuror yanında geniş səlahiyyətlərə malik olan antikorrupsiya idarəsi, eləcə də bu sahədə mühüm rol oynayan məhkəmə sisteminin müasirləşdirilməsi barədə məlumat verib, ölkəmizin bu bəla ilə qlobal mübarizənin fəal iştirakçısı olduğunu qeyd edib.

Tədbirdə, həmçinin məhkəmə-hüquq islahatlarına toxunularaq Avropa dövlətlərinin bu sahədə qarşılaşdıqları problemlərdən bəhs olunub, məhkəmə sistemlərinin təkmilləşdirilməsinin, əməkdaşlığın genişləndirilməsinin, yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyəti qeyd olunub, bu məqsədlə mütəmadi toplantıların keçirilməsi məqsədəmüvafiq bilinib.

Çıxışlarda, ölkəmizin ədliyyə naziri tədbir iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinə cəlb edərək, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin ölkəmizin mülki əhalisinə və mülki obyektlərinə hərbi təxribatı nəticəsində azyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın qətlə yetirildiyini, daha bir mülki şəxsin ağır yaralandığını xüsusi vurğulayıb. Bildirilib ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamalı, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə əsasən Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması, erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri səylərini əsirgəməməlidirlər. Belə mühüm tribunadan Azərbaycan həqiqətlərinin səslənməsi erməni nümayəndə heyətinin təşvişinə və narahatlığına səbəb olub.

Bununla bağlı Azərbaycan tərəfi müvafiq bəyanatı nümayəndə heyətləri arasında yayıb, keçirilən bütün görüşlərdə və danışıqlarda həmsöhbətlərin diqqəti bu məsələyə cəlb olunub.

Səfər zamanı F.Məmmədov və Estoniyanın ədliyyə naziri Urmas Reinsalu ilə ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında hüquqi sahədə əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu vurğulanıb, Estoniya tərəfi qarşılıqlı fəaliyyətin genişləndirilməsi ilə bağlı niyyətini ifadə edib.

Eyni zamanda, Avropa İttifaqının rəsmiləri, habelə bir sıra dövlətlərin, o cümlədən Bolqarıstan, Belarus, Ukrayna və Gürcüstanın ədliyyə nazirləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair müzakirələr aparılıb.

iacca
iap
business ready
eplc
Ən Tez