27-06-2008 | 04:02 936
Ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək üzrə müavini Deyvid Kremer iyunun 27-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda baş verən demokratik dəyişikliklər barədə məlumat verən nazir, insan haqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçimi və mükəmməl tədrisi üzrə işləri qeyd etmiş, bu sahədə ABŞ-la səmərəli əməkdaşlığı vurğulamışdır.
Respublikamızda aparılan demokratik islahatlara mühüm əhəmiyyət verildiyini deyən qonaq ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirmiş, mütərəqqi islahatların və bu sahədə birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, korrupsiyaya qarşı mübarizə, söz azadlığı, qeydiyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Dersi iştirak etmişdir.