23-06-2008 | 04:02 945
Ölkəmizdə səfərdə olan Niderland Krallığı Ədliyyə Nazirliyinin Baş katibi Yoris Demminkin başçılıq etdiyi nümayəndə heyəti iyunun 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanla Niderland Krallığı arasında dostluq əlaqələrini qeyd edən nazir 2002-ci ildə Niderlandın ədliyyə nazirinin dəvəti ilə bu ölkəyə səfərini və keçirilmiş faydalı görüşləri xatırladaraq, səfər çərçivəsində imzalanmış Anlaşma Memorandumunun dövlətlərimiz arasında hüquqi sahədə əməkdaşlığın qurulmasında rolunu vurğulamışdır. O, Azərbaycanda ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçimi və tədrisindən danışaraq, niderlandlı nüfuzlu ekspertin onların və digər hüquqşünasların tədrisində mühazirələrlə məzmunlu çıxışını məmnuniyyətlə qeyd etmişdir.
Azərbaycanın regionda mövqeyinin möhkəmləndiyini vurğulayan qonaq Niderlandın ölkəmizlə hüquqi sahədə əlaqələrin inkişaf etdirilməsinə önəm verərək, konkret tədbirləri həyata keçirmək niyyətində olduğunu bildirmişdir. Niderlandda da son zamanlar aparılan islahatlar barədə məlumat verən Y.Demmink dövlətimizin hüquqi islahatların aparılmasında böyük nailiyyətlər əldə etdiyini heyranlıqla qarşılamış, ədliyyə fəaliyyətinin, o cümlədən penitensiar xidmətin müasirləşdirilməsi, bölgələrdə yeni cəzaçəkmə müəssisələrinin inşası üzrə işləri yüksək qiymətləndirmişdir.
Görüşdə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən mükəmməl öyrənilməsi və tətbiqi, inzibati məhkəmə sistemi, habelə məhkumların hüquqlarının genişləndirilməsi, onların sosial adaptasiyası və digər maraq kəsb edən mövzular üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.