14-06-2008 | 04:02 1166
Dövlətimizin ən əlamətdar bayramlarından olan 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, respublikamızın beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri kimi qiymətləndirilərək, ölkəmizdə geniş qeyd olunur.
Bu bayram münasibətilə Ədliyyə Nazirliyinin rəhbər işçiləri Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini anmış, onun abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra ümummilli liderimizin Nazirlikdəki büstü önünə tər çiçəklər düzülmüş, əziz xatirəsi yad edilmişdir.
Milli Qurtuluş Günü Nazirliyin bütün struktur qurumlarında geniş qeyd edilmiş, keçirilən tədbirlərdə dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti, xilaskarlıq missiyası, güclü idarəçilik bacarığı haqqında ətraflı danışılmışdır.
Tədbir iştirakçıları Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanın hərtərəfli inkişafı və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurların qazanılmasında ölkəmizin başçısı İlham Əliyevə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Bayram ərəfəsində keçirilən tədbirlər çərçivəsində bir qrup mütəxəssis ədliyyə orqanlarına işə qəbul olunmuş, işçilərə xüsusi rütbələr verilmişdir.