14-07-2017 | 04:02 1012
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 14-də ədliyyə naziri Fikrət Məmmədov Daşkəsən rayonunda Daşkəsən, Göygöl, Kəlbəcər və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümünə təsadüf edən bu tarixdə keçirilən qəbuldan əvvəl nazir və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.
Nazir 1969-cu ilin iyulun 14-də Azərbaycana rəhbər seçilən ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində ölkəmizin və xalqımızın rifahı və gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsini, ölkəmizin gündən-günə çiçəklənməsini və bütün sahələrdə nailiyyətlərini vurğulayıb.
Müşavirədə, həmçinin ölkə Prezidentinin cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyəti qeyd olunaraq, vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılması, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi vurğulanıb, aidiyyəti tövsiyə və tapşırıqlar verilib.
Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.