30-05-2008 | 04:02 569
Azərbaycana səfərə gəlmiş Avropa Ümumi Hüquq Təşkilatının direktoru Spiridon Floqaitis Ədliyyə Nazirliyində nazir müavini Vilayət Zahirovla görüşmüşdür.
Respublikamızın məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi üzrə genişmiqyaslı işləri qeyd edən nazir müavini, qonağın təmsil etdiyi qurumla əməkdaşlığın real nəticələr verdiyini, Yunanıstan hökumətinin dəstəyi ilə Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək layihələrinin uğurla həyata keçirildiyini söyləmiş, xarici mütəxəssislərin ölkəmizdə hakimlər və hakimliyə namizədlər qarşısında çıxışlarının, habelə hakimliyə namizədlərin və gənc hüquqşünasların Təşkilatın iqamətgahının yerləşdiyi Afinada tədrisinin, bu ölkənin məhkəmə sistemi ilə tanışlığının və təcrübə mübadiləsinin səmərəsini vurğulamışdır.
Azərbaycanın hüquq sistemində beynəlxalq standartlara cavab verən əsaslı dəyişikliklərin mütərəqqi xarakter daşıdığını qeyd edən qonaq, beynəlxalq statusu artmış təşkilatda ölkəmizin təmsil olunduğunu məmnunluqla vurğulayaraq, sürətli iqtisadi inkişafı, hərtərəfli islahatları ilə regionda lider dövlətə çevrilmiş ölkəmizlə qarşılıqlı əlaqələrə Avropa Ümumi Hüquq Təşkilatının yüksək önəm verdiyini və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirmiş, aparılan hüquqi islahatlara dəstək verməyə və bunun üçün mövcud imkanlarından istifadə etməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Söhbət zamanı əməkdaşlığın perspektivləri üzrə faydalı fikir mübadiləsi aparılmışdlır.
Görüşdə Yunanıstan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Temistokles Dimidis iştirak etmişdir.