Ədliyyə Nazirliyində görüş

Mayın 29-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda fəaliyyət müddəti başa çatan Avropa Şurası Baş katibinin xüsusi nümayəndəsi Denis Bribosianı qəbul etmişdir.

Ölkəmizdə qanunun aliliyinin və demokratik təsisatların möhkəmləndirilməsi, insan hüquqlarının təşviqi üzrə Avropa Şurası ilə səmərəli əməkdaşlığı vurğulayan nazir, ədliyyə sahəsində mühüm layihələrin həyata keçirilməsində, penitensiar sistemin və yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi ilə bağlı birgə tədbirlərin gerçəkləşməsində cənab Bribosianın xidmətlərini qeyd etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Respublikamızda uğurla aparılan demokratik islahatlar nəticəsində qazanılmış nailiyyətlərin bilavasitə şahidi olduğunu deyən D.Bribosia Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə etmiş, Ədliyyə Nazirliyi ilə qarşılıqlı tərəfdaşlığı və işçilərin peşəkarlığını yüksək qiymətləndirmişdir. O, Azərbaycandan ən xoş təəssüratla ayrıldığını bildirərək, Avropa Şurası Baş katibinin Azərbaycanda yeni təyin olunmuş xüsusi nümayəndəsi xanım Veronika Koteki təqdim etmişdir.

Görüşdə həmçinin, ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülən kompleks tədbirlər, Azərbaycan-Avropa Şurası birgə işçi qruplarının uğurlu fəaliyyəti, hakimlərin müstəqilliyinin gücləndirilməsi, onların ən şəffaf, mütərəqqi üsullarla seçimi, mükəmməl tədrisi və bu sahədə Məhkəmə-Hüquq Şurasının rolu qeyd edilmiş, habelə yeni, müasir cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanasının inşası, penitensiar sahədə ictimai nəzarətin gücləndirilməsi yüksək dəyərləndirilmiş, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi vurğulanmışdır.

Qonaqlar Nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

iacca
iap
Qarabağ Azərbaycandır!
eplc
Ən Tez